Ukrayna çərşənbə günü mühasirədə olan Mariupol şəhərindən dinc sakinlərin təxliyəsi üçün Rusiya ilə ilkin razılaşma əldə edildiyini bildirib. Rusiya isə orada qalan Ukrayna qoşunlarının təslim olmasını yenidən tələb edib.
Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib ki, humanitar dəhlizlə bağlı razılaşma qadınların, uşaqların və qocaların ərazini tərk etməsinə imkan verəcək.
Vereşuk Facebook səhifəsində "Mariupoldakı fəlakətli humanitar vəziyyəti nəzərə alaraq, bu gün səylərimizi orada cəmləşdirəcəyik" - deyə, yazıb.
Vereşukun dediyinə görə, son üç gün ərzində ölkədə heç bir humanitar dəhliz yaradıla bilməyib.
Rusiya Mariupoldakı Ukrayna döyüşçülərinin təslim olması üçün son tarix olaraq çərşənbə gününü təyin edib və bu, Ukraynanın rədd etdiyi bir sıra ultimatumlardan sonuncusu olub. Çərşənbə axşamı Rusiya heç bir Ukrayna əsgərinin təhlükəsizlik müqabilində təslim olmaq təklifini qəbul etmədiyini bildirib.
Mariupoldakı hadisələr Rusiyanın strateji əhəmiyyətli Donbas bölgəsində hərbi mövcudluğunu artırmaqda davam etdiyi bir vaxt baş verir.
Britaniya Müdafiə Nazirliyinin çərşənbə günü bildirdiyinə görə, Rusiya qüvvələri Ukraynanın müdafiəsini yarmağa çalışdığı üçün regionda döyüşlər "şiddətlənib".
"Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə hücumları onların Ukraynanın əlavə qüvvə və silahlarını ölkənin şərqinə hərəkətininın qarşısını almaq niyyətini göstərir" - deyə, nazirlik bildirib.
Bir neçə saat əvvəl Norveçin Müdafiə Nazirliyi Ukraynaya 100-ə yaxın hava hücumundan müdafiə Mistral raketi göndərildiyini açıqlayıb. Nazirliyin bəyanatında deyilib ki, Norveç qüvvələri raketlərdən öz istifadəsini mərhələli şəkildə dayandırır, lakin bu raketlər "müasir və effektivdır" və Ukrayna qüvvələri üçün faydalı olacaq.
Avropa Şurasının prezidenti Çarlz Mişel çərşənbə günü Kyivə elan olunmamış səfər edib. Mişel tvitter səhifəsində "Bu gün Kyivdəyəm. Azad və demokratik Avropanın qəlbində" yazıb.