Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Ukraynada nümayəndəliyi fəaliyyətə başlayacaq. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna ofisinin açılmasına dair sazişi BCM-nin baş katibi Piter Luis və Ukraynanın baş prokuroru Andriy Kostin imzalayıb.
"Bu, yalnız başlanğıcdır, lakin əlamətdar başlanğıcdır. Əminəm ki, Ukraynaya qarşı törədilmiş beynəlxalq cinayətlərdə əli olanların hamısı məsuliyyətə cəlb olunana qədər biz dayanmayacağıq. O cümlədən Rusiya Federasiyasının kriminal rejiminin ali hərbi-siyasi rəhbərliyi" Kostin deyib.
Martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Rusiya Federasiyasının prezidenti Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıyır. Məhkəmə bəyanatında bildirib ki, "ittihamlara əsasən, Putin Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına əhalinin (uşaqların) qanunsuz deportasiyası və əhalinin (uşaqların) qanunsuz köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır."
Öz növbəsində, Rusiyada Uşaq Hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova da analoji cinayətlərdə şübhəli bilinib.
Bundan əvvəl The New York Times yazıb ki, BCM Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı iki hərbi cinayət işi açmaq niyyətindədir və bir neçə nəfərin həbsinə order verilməsini tələb edəcək.
Rusiya ittihamları və məhkəmə orderlərinin qanuni qüvvəsi olmadığını bildirərək rədd etsə də, başqaları BCM-nin qərarının vacib təsirlərinin olacağını deyir.