Accessibility links

Ukrayna: Rusların çəkilməsindən sonra İzyumda kütləvi məzarlıq aşkar edilib


Ukrayna rəsmilərinin cümə axşamı bildirdiyinə görə, bir neçə gün əvvəl Ukraynanın şimal-şərqindəki Rusiya qüvvələrinin tərk etdiyi İzyum şəhərində 440-dan çox cəsədin olduğu kütləvi məzarlıq aşkar edilib.

"Mən deyə bilərəm ki, bu, azad edilmiş [bölgələrdə] böyük şəhərin ən böyük məzarlığından biridir - 440 cəsəd bir yerdə basdırılıb. Bəziləri artelleriya atəşləri nəticəsində ölüb” - deyə, Reuters Xarkiv vilayəti baş polis müstəntiqi Serhiy Bolvinovun Sky News xəbər agentliyinə dediklərinə istinadən bildirib.

Keçən həftə sonu Ukraynanın əks-hücum əməliyyatı Rusiya ordusunu işğal etdiyi Xarkiv vilayətindəki bölgədən sıxışdırıb çıxarıb. "Reuters" xəbər verib ki, Ukrayna rəsmiləri Rusiya qoşunlarının çox sayda silah-sursat və texnika qoyub getdiyini bildirib.

Reuters Ukraynanın iddiasını dərhal yoxlaya bilməyib və Rusiyadan bu iddia ilə bağlı ictimai şərh gəlməyib.

Geri alınan şəhərə çərşənbə günü səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski buna görə rusların məsuliyyət daşıdığını deyib. O, İzyumdakı kəşfi fevralın sonunda, Rusiyanın işğalının ilkin mərhələsində Kyiv yaxınlığındakı Buçada baş vermiş oxşar hadisəyə bənzədib.

Zelenski cümə axşamı video-müraciətində "Rusiya hər yerdə arxasında ölüm qoyur və buna görə məsuliyyət daşımalıdır" deyib. O, cümə günü İzyumdakı kütləvi məzarlıq haqqında daha çox məlumat verəcəyini bildirib.

Ukrayna və onun Qərb müttəfiqləri Rusiya qüvvələrini orada hərbi cinayətlər törətməkdə ittiham edib. Rusiya mülki əhalini hədəf aldığını və ya müharibə cinayətləri törətdiyini təkzib edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Zelenskiyə video vasitəsilə assambleyada çıxış etməyə imkan verməm təklifini nəzərdən keçirmək üçün cümə günü toplaşır. Bu il BMT bütün çıxışların şəxsən edilməsini istəyir. Bununla belə, təklifin qəbul edilməsi üçün yalnız iştirak edənlərin və səsvermədə iştirak edənlərin səs çoxluğu kifayətdir.

Ağ Evin bildirdiyinə görə, ABŞ Prezident Co Bayden Ukrayna üçün əlavə 600 milyon dollarlıq silah paketi elan edib və Müdafiə Nazirliyi 21-ci dəfə silah və digər avadanlıqları Ukraynaya çatdırmağa hazırlaşır.

Məlumatda pulun necə istifadə ediləcəyi barədə təfərrüatlar açıqlanmayıb. Lakin Associated Press xəbər verib ki, oraya Ukrayna qüvvələrinə şərq və cənubda Rusiya qüvvələrini məğlub etməyə yardım edən eyni tipli sursat və avadanlıqlar daxil olacaq.

ABŞ fevralın 24-dən, Rusiyanın Ukraynanı işğalından sonra Kyiv hökumətinə təhlükəsizlik üçün təxminən 15,1 milyard dollar yardım göndərib.

XS
SM
MD
LG