Accessibility links

Ukrayna şimal-şərqdə Rusiya qüvvələrini geri çəkdiyini və əraziləri geri aldığını bildirir


Ukrayna bazar ertəsi ölkənin şimal-şərqində daha bir neçə kəndi geri aldığını və Rusiyanın bəzi qüvvələrini iki ölkə arasındakı sərhədə doğru geri itələdiyini iddia edib.

Kyiv və Moskva qüvvələrinin aylardır ərazi qazanıb itirməsindən sonra sentyabrın əvvəlində Xarkiv vilayətində gözlənilməz irəliləyiş Ukrayna liderləri tərəfindən böyük uğur kimi qarşılanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi gecə xalqa etdiyi müraciətində Ukrayna qüvvələrinin bu aydan hücuma başladığı vaxtdan 6 min kvadrat kilometrdən çox ərazini geri aldığını bildirib.

“Qoşunlarımız irəliləməkdə davam edir," o deyib.

ABŞ dövlət katibi Antoni Blinken həm ABŞ, həm də müttəfiqlərin dəstəyinə, eləcə də “Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna xalqının fövqəladə cəsarəti və dözümlülüyünə” istinad edərək, “ukraynalıların xüsusilə də şimal-şərqdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini” deyib.

“Hələ çox tezdir. Ona görə də bunun hara gedəcəyini, nə vaxt baş verəcəyini və necə olacağını dəqiq proqnozlaşdırmaq düzgün olmazdı" Blinken bildirib.

Rusiya Müdafiə Nazirliyi keçən həftənin sonu qüvvələrini geri çəkdiyini etiraf edərək, onların Şərqi Donetsk bölgəsində yenidən qruplaşdırıldığını bildirib.

Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubov Rusiya qoşunlarının xaotik şəkildə geri çəkildiyini, “cəbhənin bəzi bölgələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıb” deyib.

“Ruslar səhər burada idi. Sonra günorta saatlarında onlar qəfildən vəhşi kimi qışqırmağa, tanklara və zirehli texnikalara minib qaçmağa başladılar” - deyə, şərqdə cəbhə xəttinə yaxın bu yaxınlarda azad edilmiş kiçik Zalizniçnı qəsəbəsinin sakini Dmitri Qruşşenko Sky News xəbər agentliyinə bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar ertəsi bildirib ki, onun qoşunları son sutka ərzində 20-dən çox yaşayış məntəqəsini geri alıb. Böyük Britaniyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, son günlər Kyiv qüvvələri ən azı London və ətrafındakı qədər əraziləri geri alıb.

ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi bazar ertəsi ukraynalıların cənubda və şərqdə əraziləri geri almaq səylərində “nailiyyət əldə etdiyini” və Xarkiv ətrafındakı Rusiya qüvvələrinin əraziləri Ukraynaya qaytardığını deyib.

Rəsmi Rusiyanın geri çəkilməsinin digər amillərlə yanaşı, mənəvi problemlərin də “göstəricisi” olduğunu deyib və Ukraynanın Rusiya qüvvələrini “bir çox dilemma” ilə üzləşdirdiyini bildirib. Rəsminin dediyinə görə, əraziləri təhvil verən Rusiya qüvvələrinin çoxu sərhədi keçərək, Rusiyaya gedib.

Təhlilçilər müharibənin 2023-cü ilə qədər davam edəcəyini desələr də, Vaşinqtonda yerləşən Həribi Tədqiqatlar İnstitutu bazar ertəsi bildirib ki, “Ukrayna uzun mənzilli HIMARS raket sistemi və strateji döyüş manevrləri kimi Qərb tərəfindən təchiz edilmiş silahlardan səmərəli istifadə etməklə, bu müharibənin gedişini öz xeyrinə çevirib”.

XS
SM
MD
LG