Accessibility links

Rusiya qüvvələri geri çəkildikcə Ukrayna ordusu şimal-şərqə doğru irəliləyir


Ukrayna qoşunları çərşənbə axşamı ölkənin şimal-şərq bölgəsinə doğru irəliləyərək, Moskva qüvvələrinin təxminən 7 ay əvvəl işğalının ilk günündə ələ keçirdiyi Rusiya sərhədindən 3 kilometr aralıda yerləşən Vovçansk şəhərini geri alıb.

Kyiv hökuməti qəflətən əldə etdiyi uğuruna görə fərəhlənir. Prezident Volodimir Zelenski bazar ertəsi axşam deyib ki, onun qüvvələri son bir neçə həftə ərzində 6000 kvadrat kilometrdən çox ərazini geri alıb.

O, "qoşunlarımız irəliləməkdə davam edir" deyib.

Ukrayna əsgərləri ölkənin mavi-sarı bayraqlarını qaldırıb və rəsmilər əsgərlərin Rusiya bayraqlarını yandırdığını və rus qoşunlarının geridə qalan yanmış tanklarına baxış keçirildiyini göstərən video paylaşıb. Sərhədçilər "biz Rusiya ilə bir xalqıq" yazılmış plakatı cırıb.

ABŞ rəsmiləri çərşənbə axşamı Rusiyanın geri çəkildiyini təsdiqləyib.

Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Ağ Evdə jurnalistlərə "fikrimcə gördüklərimiz impulsun dəyişməsidir" deyib.

"Biz rusların şimalda, xüsusən də Xarkiv vilayətində və onun ətrafında müdafiə mövqelərindən geri çəkildiyini gördük. Onlar döyüş mövqelərini tərk edib, təchizatlarını qoyub" - deyə, o bildirib.

Lakin Kirbi ehtiyatlı olmağın vacibliyini vurğulayıb . "Bunlar seyr etdiyimiz bəzi dramatik hadisələrdir, lakin bu müharibədir və müharibə gözlənilməzdir. Ukraynalılar şimalda hücumları davam etdirdiyi və cənubda əks hücuma keçdiyi üçün [Rusiyanın] növbəti addımlarının nə olacağı məlum deyil" deyib.

Çərşənbə axşamı Pentaqon rəsmiləri Xarkiv və ətrafındakı bəzi rus qüvvələrinin sərhədi keçərək, Rusiya ərazisinə keçdiyini təsdiqləsələr də, bunun Moskvanın geri çəkildiyinə işarə kimi qəbul edilməməli olduğunu bildirib.

Pentaqonun mətbuat katibi, briqada generalı Patrik Rayder jurnalistlərə "aydındır ki, onlar döyüşməyə davam etmək niyyətlərini nümayiş etdirib. Rusiya qüvvələri Ukraynada kütləvi şəkildə mövcuddur" deyib.

Ukraynanın yüksək səviyyəli rəsmiləri son günlər xəbərdarlıq ediblər ki, Rusiya Ukraynanın enerji və maliyyə sektorlarını hədəf alan yeni kiberhücum dalğasına keçə bilər, çünki onun hərbi kampaniyası bataqlığa düşüb.

XS
SM
MD
LG