İşğal edilmiş Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş hökuməti Xerson ərazini müdafiə dəstələrinin formalaşdırılğını elan edib.
Bəyanatda deyilib ki, şəhərdə qalan bütün kişilər müdafiə dəstələrinə qoşula bilər. "Ukraynalı millətçilərin atdığı addımlar nəticəsində təhlükəsizliyə artan təhdidlərə baxmayaraq, Xersonda qalmaq istəyən bütün kişilər üçün şəhərin müdafiə birləşmələrinə qoşulmaq imkanı yaradılıb" - deyə, Kreml tərəfdarı administrasiyanın bəyanatında bildirilib.
Oktyabrın 22-də Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmş administrasiyası sakinlərdən "şəhəri dərhal tərk etməyi" tələb edib. Bu çağırışa səbəb cəbhədəki gərgin vəziyyət, atışma riskinin artması və terror aktları təhlükəsi olub. Məlumatda qayıqların Dnepr çayından keçəcəyi yer göstərilib.
Artıq bir həftədir ki, Rusiyanın təyin etdiyi administrasiya Xerson və regionun sağ sahil rayonlarının sakinlərini sol sahilə, imkan daxilində ilhaq edilmiş Krıma və Rusiyanın vilayətlərinə köçməyə çağırıb.
Rusiya hökuməti Xerson vilayətini tərk edənləri müvəqqəti mənzillə təmin edəcəyinə söz verib. İşğalçı hökumətin hesablamalarına görə, hazırda Dnepr çayının sağ sahilini on minlərlə insan tərk edib, Ukrayna hökuməti Rusiyanı əhalini deportasiya etməkdə ittiham edib.
Rusiya yönlü yerli administrasiyası uzun zamandır Xersona heç bir təhdid olmadığını və hücumun qarşısının alınacağını iddia edib. Lakin sonradan ritorika dəyişib. Rusiya ordusunun Ukraynada yeni təyin olunmuş komandanı, general Sergey Surovikin Xersonla bağlı "çətin qərarlar" verilə biləcəyini deyib, eləcə də əhalini ərazini tərk etməyə çağırıb.
Ukrayna Telegram kanalları Xersonda demək olar ki, bütün Rusiya qurumlarının bağlandığını, administrasiyanın isə oranı daha əvvəl tərk etdiyini bildirir.
Sakinlərin Xersonu tərk etmə çağırışları Ukrayna hökumətinin Rusiya ordusunun Ukraynanın irəliləməsini ləngitmək üçün Kaxovka su elektrik stansiyasını partlada bilməsi ilə bağlı narahatlıqları fonunda edilir. Stansiyasının partladılması Xersonun da bir hissəsi də daxil olmaqla, bütün yaşayış məntəqələrinin su altında qalmasına səbəb ola bilər.