Accessibility links

" Xersonu 70 mindən çox insan tərk edib"


Ukraynanın Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Vladimir Saldonun oktyabrın 27-də bildirdiyinə görə, Rusiya qüvvələri ilə irəliləməkdə davam edən Ukrayna qoşunları arasında şiddətli döyüşlər davam etdiyi üçün regionun strateji əhəmiyyətli paytaxtı Xerson şəhərini 70 mindən çox insan tərk edib.

Saldonun müavini Kirill Stremousov evakuasiyaya Moskvanın qurduğu regional administrasiyanın üzvlərinin də daxil edildiyini bildirib.

Saldo deyib ki, 18-ci əsrdə Xersonun əsasını qoyan rus generalı Qriqori Potyomkinin şəhərin Müqəddəs Yekaterina kilsəsində saxlanılan qalıqları və abidəsi də köçürülüb.

Ukrayna qüvvələrinin ölkəni ikiyə bölən Dnepr çayının qərbində, eləcə də şərqi Donetsk regionunun bəzi bölgələrində Rusiyanın qabaqcıl mövqelərinə hücum etdiyi Xerson ətrafında şiddətli döyüşlər gedir, Rusiya isə qış mövsümündən əvvəl enerji infrastrukturuna hücumları davam etdirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleksiy Arestoviç Rusiya qoşunlarının şəhəri tərk etməyə hazırlaşdığına dair heç bir əlamət olmadığını deyib.

"Xersonla bağlı hər şey aydındır. Ruslar orada öz qruplaşmalarını artırır və gücləndirir. Bu o deməkdir ki, heç kim geri çəkilməyə hazırlaşmır. Əksinə, ən ağır döyüşlər Xerson uğrunda olacaq" - deyə, Aretoviç çərşənbə axşamı internetdə yayımlanan videoda bildirib.

Ukraynanın enerji obyektlərinə yeni hücumlar Prezident Volodimir Zelenskinin enerji sektorunun işçilərinə elektrik şəbəkəsini sabitləşdirmək səylərinə görə təşəkkür etdiyi vaxt baş verib.

"Düşmən nə edirsə etsin, bizim vəzifəmiz onun planlarını pozmaq və Ukraynanı qorumaqdır. Və bu, təkcə kiminsə tapşırığı deyil, bu, təkcə energetiklərə və ya başqalarına şamil olunmur. Artıq enerjidən ağıllı istifadə bütün ukraynalılara lazımdır," Zelenski çərşənbə günü gecə çıxışında bildirib.

XS
SM
MD
LG