Accessibility links

Kramatorskda xilasetmə işləri başa çatıb. Ümumilikdə 12 nəfər həlak olub


Rusiya hərbçilərinin Kramatorska endirdiyi zərbələrdən sonra ölənlərin sayı 12 nəfərə çatıb və xilasetmə işləri yekunlaşıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

İyunun 29-da səhər saatlarında dağıntılar altından daha bir cəsəd çıxarılıb. Hücum nəticəsində üçü uşaq olmaqla, ümumilikdə 12 nəfər həlak olub. Ölənlərin şəxsiyyəti müəyyən edilib.

Ukrayna Milli Polisinin məlumatına görə, 65 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında Kolumbiyanın üç vətəndaşı - kolumbiyalı deputat Serhio Xaramilyo, yazıçı Hektor Abad və jurnalist Katalina Qomez də var. Onları ukraynalı yazıçı Viktoriya Amelina müşayiət edib. Viktoriya Amelinanın özü də yaralanıb və vəziyyəti ağırdır.

İyunun 27-də axşam saatlarında rus qoşunları Kramatorsku raketlərlə atəşə tutub. Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, ümumilikdə iki hücum olub - biri şəhərin mərkəzində, ikincisi (Kramatorskdan 8 kilometr aralıda yerləşən) Belenki kəndinə.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, hücum "böyük insan izdihamının" olduğu restorana edilib. Bir neçə ev, mağaza, kafe və digər müəssisələrə də ziyan dəyib.

Zərbələr "İsgəndər" raketləri ilə endirilib. Ukrayna Təhlükəsizlik Xidməti Kramatorska raket zərbələrinin endirilməsinə yardım edən müşahidəçinin həbs edildiyini bildirib. İdarədən verilən məlumata görə, o, yerli qaz şirkətinin işçisi olub.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, həmin şəxs Rusiyanın Baş Kəşfiyyat İdarəsi tərəfindən işə alınıb və idarənin göstərişi ilə o, Kramatorsk və Slavyanskda yerləşən Ukrayna qoşunları haqqında məlumat toplamalı idi.

İyunun 29-u səhər saatlarında isə Rusiya qoşunları Xerson vilayətinin Belozerka kəndini atəşə tutub. Nəticədə 71 yaşlı qadın həlak olub. Bu barədə məlumatı vilayət hərbi idarəsinin mətbuat xidməti yayıb.

20 yaşlı oğlan və 74 yaşlı qadın xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hücum zamanı azı 12 evə ziyan dəyib.

XS
SM
MD
LG