Accessibility links

Ukrayna: Rusiya raketi Xarkiv vilayətində bazarı vurub


Ukrayna rəsmiləri bazar ertəsi Rusiyaya məxsus raketin Xarkiv vilayətində bazara düşdüyünü, nəticədə bir nəfərin öldüyünü, bir neçə nəfərinin isə yaralandığını bildirib.

Rəsmilər raketin Xarkiv şəhərindən 75 kilometr aralıda yerləşən Şevçenkovo kəndinə düşdüyünü bildirib.

Rusiya dəfələrlə Qərbin Ukraynaya hərbi dəstəyinə qarşı xəbərdarlıq edərək, ABŞ və Avropadakı Ukrayna tərəfdaşlarından silah tədarükünün münaqişəni daha da gərginləşdirəcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi keçirdiyi brifinqdə jurnalistlərə deyib ki, Qərbin daha çox silah tədarükü "Ukrayna xalqının əzablarını daha da artıracaq".

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə çıxışında bildirib ki, ilin ilk həftəsi cəbhə xəttində əhəmiyyətli dəyişiklik olmayıb, lakin Ukraynanın şərqindəki Luhansk və Donetsk vilayətlərində ağır döyüşlər davam edib.

Rusiya bazar günü Ukraynaya yeni ölümcül hücumlar həyata keçirib. Ölkənin şərqindəki döyüşlər zamanı azı iki nəfər həlak olub.

Donetsk qubernatoru Pavlo Kirilenkonun sözlərinə görə, Baxmuta endirilən zərbələr bir nəfərin ölümünə, daha 8 nəfərin yaralanmasına səbəb olub. O həmçinin Kramatorsk və Konstantinivkaya da raket hücumları edildiyini bildirib.

Baxmut bir zamanlar 70 min əhalisi olan şəhər olub. İndi isə əsasən tərk edilmiş şəhərin çox az qalan əhalisi elektrik enerjisi, internet xidməti, istilik, su ilə təmin etməyə və dərman çatdırmağa çalışan çadırlardakı könüllülər sayəsində sağ qalır.

Xarkiv vilayətinin qubernatoru Oleh Sinyehubov Merefa şəhərində bir nəfərin həlak olduğunu, bölgənin daha iki yaşayış məntəqəsinin atəşə tutulduğunu bildirib.

Hücumlar Rusiya ordusunun atdığı raketlərin Ukrayna əsgərlərinin Kramatorskdakı kazarmalarını vurduğunu və nəticədə 600 nəfərin öldüyünü iddia etdiyi vaxta təsadüf edib. Lakin Ukrayna rəsmiləri itkilərin olduğunu təkzib edib.

Rusiya Ukraynanın şərqindəki Kramatorsk şəhərində iki müvəqqəti hərbi kazarmaya hücumların bir həftə əvvəl Makiyivka ərazisindəki obyektə raket hücumu nəticəsində onlarla rus əsgərinin ölümünə cavab olaraq həyata keçirildiyini bildirib.

Lakin Ukrayna Rusiyanın hücumu zamanı yalnız mülki infrastrukturun vurulduğunu bildirib. "Ukrayna silahlı qüvvələrinə heç bir təsiri olmayıb" -deyə, hərbi sözçü bildirib.

Britaniyanın Müdafiə Nazirliyi bazar günü Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı yeni bir kəşfiyyat məlumatında bildirib ki, Rusiya belə görünür, Ukrayna tərəfindən ən böyük təhlükənin haradan gəldiyinə dair təsəvvürə malik deyil.

Nazirlik Twitter səhifəsində yayımladığı yeniləməsində deyilir: "Rusiyanın müdafiənin təkmilləşdirilməsi üzərində necə işlədiyi onu göstərir ki, komandirlər Ukraynadan böyük hücumun iki istiqamətdə: Luhansk vilayətinin şimalından, ya da Zaporojiyedən gələcəyindən narahatdırlar. Ukraynanın Zaporijyedə böyük sıçrayışı Rusiyanın Rostov vilayəti ilə Krımı birləşdirən "quru körpüsünün" həyat qabiliyyətinə ciddi şəkildə zərər vuracaq. Ukraynanın Luhanskda uğuru Rusiyanın elan etdiyi kimi hərbi məqsədinin Donbasın azad edilməsi olduğuna dair iddiasını daha da sarsıdacaq".

XS
SM
MD
LG