Ukrayna rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, hava hücumundan müdafiə qüvvələri ikinci gecədir Kyivə ardıcıl hücumlar həyata keçirən Rusiyanın 40-dan çox hədəfini məhv edib.
Kyivin meri Vitali Kliçko Telegram kanalında "Paytaxt üçün daha bir çətin gecə oldu" yazıb və hücumlar nəticəsində xəsarət alanların olmadığını bildirib.
Şəhərin hərbi administrasiyasının rəhbəri Serhiy Popko Rusiya qüvvələrinin qanadlı raketlər və "Şahed" pilotsuz təyyarələrindən istifadə edərək, Kyivi may ayında 15-ci dəfə hədəf aldığını bildirib.
Ardıcıl hava hücumları Rusiyanın keçən ilin əvvəlində Ukraynaya genişmiqyaslı işğalına başlamasından sonra ələ keçirdiyi əraziləri geri almağa hazırlaşan Ukraynanın əks-hücumundan əvvəl həyata keçirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın ümumilikdə bir gecədə buraxdığı 35 pilotsuz təyyarədən 29-unu və 40 raketdən 37-ni vurduğunu bildirib.
Hücumlar rəsmilərin Rusiyanın Kyivə 54 pilotsuz uçuş aparatının müşayiəti ilə "ən böyük" adlandırdıqları hücumlardan bir gün sonra baş verib.
Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski bazar günü İrana qarşı 50 illik əlavə sanksiyalar təklif edən qanun layihəsini təqdim edib.
Zelenskinin baş qərargah rəisi Andrey Yermak deyib ki, qanun layihəsi rəsmi Kyivin Tehranın Moskvaya silah tədarükünə cavabdır. Layihədə İranla ticarətə, investisiyalara və texnologiyaların ötürülməsinə tam qadağalar daxildir. Qanun layihəsi qüvvəyə minərsə, Ukrayna İranın ərazisindən tranzitini, habelə hava məkanından istifadəsini qadağan edəcək və İranın aktivlərini donduracaq.
Kyiv və onun müttəfiqləri Moskvanın keçən il Ukraynaya müdaxiləsindən sonra İranın yüzlərlə pilotsuz uçuş aparatı da daxil olmaqla, Rusiyanı silahla təmin etdiyini bildirib. Tehran bu ittihamları rədd edib.