Accessibility links

Rusiya: Qərbin göndərəcəyi daha uzunmənzilli silahları Ukrayna münaqişəsini gərginləşdirəcək


Rusiya çərşənbə günü bildirib ki, Ukraynaya uzunmənzilli silahların tədarükü Rusiya qüvvələrini çəkindirməyəcək, əksinə, gərginliyi artıracaq və münaqişəni dərinləşdirəcək.

Kremlin sözçüsü Dmitri Peskov bunu ABŞ-ın Rusiyanın işğalına qarşı yardım üçün Ukrayna qüvvələrinə daha uzağı qət edən uzunmənzilli raketlərin də olacağı yeni yardım raundunu hazırladığı barədə xəbərləri fonunda bildirib.

Reuters xəbər agentliyinin məsələ ilə bağlı məlumatı olan iki ABŞ rəsmisinə istinadən bildirdiyinə görə, 150 kilometr məsafəni qət edən uzunmənzilli "Yerdən Atılan Kiçik Çaplı Bomba" adlı silah bu həftə açıqlanması gözlənilən paketin bir hissəsidir.

Yeni yardım paketinə eləcə də tank əleyhinə "Javelin" silahları, dronlara və artilleriyayabqarşı sistemlər, zirehli maşınlar, rabitə vasitələri və üç səyyar xəstəxananı təmin edəcək kifayət qədər tibbi avadanlığın daxil edilməsi gözlənilir.

Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Myxailo Podolyak çərşənbə günü Tvitter hesabında "müharibənin hər mərhələsi müəyyən silahlar tələb edir" yazıb. Onun sözlərinə görə, artıq Ukraynaya tanklar verən və onlardan istifadə etmək üçün təlim keçməkdə yardım edən koalisiya mövcuddur və "daha uzaq məsafəni qət edən uzunmənzilli raketlər və hücum təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparılır".

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Fransa rəsmiləri ilə görüşdən bir gün sonra, çərşənbə günü deyib ki, o, haubitsalar, hava hücumundan müdafiə raketləri və zirehli maşınlar, habelə Ukrayna əsgərləri üçün yanacaq, avadanlıq və təlimlərə görə Fransaya minnətdardır.

Almaniyanın özünün istehsal etdiyi "Leopard 2" tanklarını göndərməkdə həftələrlə tərəddüd etməsindən sonra, keçən həftə ABŞ və Almaniya Ukraynaya tank göndərəcəyinə söz verib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba çərşənbə axşamı bir çox ölkənin artıq 100-dən çox tank vəd etdiyini deyib və bunu "töhfələrin ilk dalğası" kimi qiymətləndirib.

XS
SM
MD
LG