Accessibility links

Rusiya Ukraynanın şərqində yeni hücuma başladığını elan edib


Rusiya çərşənbə axşamı Ukraynanın şərqinə nəzarəti əlinə almaq üçün yeni hücuma keçdiyini və Donbas bölgəsindəki hədəfləri bombalamağa başladığını elan edib. Ukrayna isə ərazini müdafiə etdiyini və ilkin hücumların bəzilərinin dəf etdiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “bu əməliyyatın daha bir mərhələsi başlayır” deyib və Moskvanın məqsədinin şərqdəki Donetsk və Luhansk ərazilərinin “tam azad edilməsi” olduğunu bildirib.

Luhansk qubernatorunun bildirdiyinə görə, şərqdəki Kreminna şəhəri hazırda Rusiya qüvvələrinin “nəzarəti altındadır” və bu, Rusiyanın Donbas bölgəsinin paytaxtı Kramatorska irəliləməsinə imkan verə bilər.

Lakin Ukrayna bir neçə döyüşdə Rusiyanın yeddi müxtəlif hücumunu dəf etdiyini, 10 tank və 18 zirehli maşınını məhv etdiyini bildirib.

“İndi artıq deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başladı”, Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi etdiyi video-müraciətində deyib.

Onun sözlərinə görə, “bütün Rusiya ordusunun əhəmiyyətli bir hissəsi indi bu hücumda cəmləşib”. Donbas bölgəsinə artıq qismən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Luhansk və Donetsk, cənubda isə liman şəhəri Mariupol daxildir. Bölgəni ələ keçirmək Rusiyaya 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına gedən quru dəhlizə nəzarət etmək imkanı verəcək.

Rusiyanın son həftələr qüvvələrini Ukrayna paytaxtı Kyiv ətrafından və digər şimal bölgələrdən çəkməsini qərbin hərbi rəsmiləri həmin qüvvələri ölkənin şərqində toplayaraq, orada gücləndirməsi kimi qiymətləndirib.

Ölkənin qərbində Lviv şəhərində regional qubernator Maksim Kozistkinin bildirdiyinə görə, üç raket hərbi infrastruktur obyektlərinə, digəri isə avtomobil təkər təmiri sexinə düşüb. Polşadan təqribən 60 kilometr məsafədə yerləşən Lviv Rusiyanın təxminən iki ay əvvəl başlayan hərbi təcavüzünün dəhşətlərindən kənarda qalmışdı.

Lviv Ukraynanın qərb müttəfiqlərindən silahların verildiyi əsas nəqliyyat mərkəzidir.

Pentaqonun sözçüsü Con Kirbinin dediyinə görə, ABŞ Lvivdə Qərbin hər hansı yardımının hədəf alındığına dair heç bir dəlilə malik değil.

Yeni hücum Rusiya prezidenti Vladimir Putinin iqtisadi rəsmilərlə video söhbəti zamanı ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyaların uğursuzluqla nəticələndiyini iddia etdiyi vaxt baş verib.

Onun sözlərinə görə, Qərb “tez bir zamanda maliyyə-iqtisadi vəziyyəti pozacağını, bazarlarda çaxnaşma, bank sisteminin çökməsinə və mağazalarda qıtlığa səbəb olacağını gözləyirdi”. “İqtisadi oyun strategiyası uğursuz oldu”, Putin deyib.

Qərb rəsmiləri deyirlər ki, sanksiyalar Rusiyanı iqtisadiyyata illərlə zərər vuracaq tənəzzülə sürükləyib.

Bazar ertəsi Bayden administrasiyasının Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirib-keçirmədiyi sualının cavabında Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə Birləşmiş Ştatlar “sanksiya hədəflərini genişləndirməyə davam edəcək və sanksiyalardan yayınmaların qarşısını almaq üçün daha sərt addımlar atmağa davam edəcək” deyib.

ABŞ Prezident Co Bayden Ağ Evin "Ukraynaya davamlı dəstək və Rusiyanı məsuliyyətə cəlb etmək səylərini" müzakirə etmək üçün çərşənbə axşamı müttəfiqləri ilə video müzakirələr aparacaq.

Rusiya əvvəlcə məqsədinin Ukraynanı tərksilah etmək və oradakı millətçiləri məğlub etmək olduğunu deyib. Kyiv və onun Qərb müttəfiqləri bunların Ukraynanın 44 milyon əhalisinin dörddə bir hissəsinin evlərindən didərgin salan səbəbsiz müharibə üçün saxta bəhanələr olduğunu bildirir.

XS
SM
MD
LG