Minlərlə ton qarğıdalı daşıyan daha üç gəmi cümə günü Ukrayna limanlarını tərk etdiyi bir vaxt, Kyiv və Moskva bir-birini nüvə elektrik stansiyasını artilleriya atəşinə tutmaqda ittiham edir.
Ukraynanın dövlət nüvə enerjisi şirkəti “Enerqoatom”un bildirdiyinə görə, Rusiya mərmiləri Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye elektrik stansiyasını zədələyib.
"Stansiyanın nüvə reaktorunun yerləşdiyi enerji bloklarından birinin yaxınlığında üç zərbə qeydə alınıb" - deyə, “Enerqoatom” açıqlamasında bildirib.
Şirkət zərbələrin radioaktiv sızmaya səbəb olduğuna dair heç bir əlamətin olmadığını bildirib.
Rusiya Müdafiə Nazirliyi zavodun zədələnməsinə görə Ukrayna qüvvələrinin məsuliyyət daşıdığını bildirib.
Nazirliyin bəyanatında “Ukrayna silahlı birləşmələri Zaporojye Atom Elektrik Sstansiyasının ərazisinə və Enerhodar şəhərinə üç artilleriya zərbəsi endirib” deyilib.
“Xoşbəxtlikdən Ukrayna mərmiləri neft-yanacaq obyektinə və yaxınlıqdakı oksigen qurğusuna dəyməyib. Beləliklə, daha böyük yanğın və mümkün radiasiya baş verməyib” - deyə, bəyanatda bildirilib.
Rusiya ordusu Ukraynanın cənubundakı zavodu mart ayından ələ keçirib.
ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi Rusiyanı zavoddan öz qüvvələrinə qalxan kimi istifadə etməkdə ittiham edib.
Reuters xəbər agentliyinin məlumatına görə, Rusiyanın dəstəklədiyi administrasiyanın Enerhodardakı rəsmisi bu həftənin əvvəlində Ukrayna qüvvələrinin zavoda dəfələrlə hücum etdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski cümə günü gündəlik video müraciətində Rusiyanın “nüvə terrorizmi” törətdiyini deyib.
“Rusiya nüvə stansiyasında təhlükə yaratmaq faktına görə məsuliyyəti öz üzərinə götürməlidir” Zelenski deyib.