Accessibility links

"Patriot" sistemləri artıq Ukraynadadır, Rusiya Odessanı pilotsuz təyyarələrlə vurub


Patriot
Patriot

Ukraynanın müdafiə naziri çərşənbə günü hava hücumundan müdafiə "Patriot" sistemlərinin ölkəyə gəldiyini bildirib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Twitter səhifəsində "Bu gün bizim Ukraynamızın gözəl səması daha təhlükəsiz olacaq, çünki hava hücumundan müdafiə "Patriot" sistemləri Ukraynaya gəlib. Hava müdafiəçilərimiz onları bacardıqları qədər tez mənimsəyib. Tərəfdaşlarımız isə sözlərinə əməl edib" yazıb.

Ukrayna Rusiya qüvvələrinin çərşənbə günü Ukraynanın cənubundakı Odessa vilayətinə pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib.

Ukraynanın Odessa vilayətindəki hərbi komandanlığının rəhbəri Yuri Kruk dronların infrastruktur obyektində yanğına səbəb olduğunu, lakin itkilərin olmadığını bildirib.

Rusiya Ukraynadakı infrastruktur hədəflərinə qarşı hücumlar həyata keçirmək üçün pilotsuz təyyarələrdən geniş istifadə edib.

Ukraynanın Baş Qərargahı aprelin 19-da gündəlik hesabatında bildirib ki, Rusiya qoşunları Baxmut, Avdiyivka və Maryinkaya hücumlarını davam etdirərkən, şərqdə ukraynalı müdafiəçilər 60-dan çox hücumu dəf ediblər.

Hərbçilərin bildirdiyinə görə, ən ağır döyüşlər əməliyyatların episentri olaraq qalan Baxmut və Maryinka uğrunda gedir.

Xüsusilə Baxmut uğrunda aylardır gedən döyüşlər Rusiyanın Ukraynaya hücumu zamanı ən qanlı döyüşlərdən birinə çevrilib və hər iki tərəfin ağır itki verdiyi bildirilib.

Kyivə hərbi yardım göstərən onlarla ölkədən ibarət Ukrayna Müdafiə Təmas Qrupunun iclasından əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya daha çox silah və sursat göndərilməsini istəyib.

"Biz Ukraynaya artıq çox sayda silah, sursat və təchizat göndərmişik, lakin daha çox göndərməliyik" - deyə, Stoltenberq aprelin 18-də CNN-ə bildirib.

Prezident Volodimir Zelenski aprelin 18-də Donetsk vilayətində cəbhə xətti yaxınlığındakı Ukrayna qoşunlarına baş çəkib, Avdiyivkadakı mövqeləri gəzib.

Zelenski axşam etdiyi video-müraciətində Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında 2014-cü ildə Donbasda baş verən döyüşlərə istinad edərək, "419 gün və 9 il ərzində rus şərini cilovlayan və tədricən məhv edən" əsgərlərə baş çəkdiyini bildirib.

Ukrayna prezidenti ofisinin bildirdiyinə görə, Zelenski hərbçilərlə görüşüb, onlara xidmətlərinə görə təşəkkür edib və hərbi mükafatlar təqdim edib.

Bu açıqlama Kremlin prezident Vladimir Putinin Xerson və Luhanskda Rusiya hərbi qərargahlarına səfər etməsi barədə məlumatından bir neçə saat sonra verilib.

XS
SM
MD
LG