Accessibility links

Ukrayna elektrik enerjisindən istifadəni məhdudlaşdırıb


Rusiyanın hücumlarının ölkənin elektrik infrastrukturuna vurduğu ziyana görə Ukrayna cümə axşamı elektrik enerjisindən istifadəni məhdudlaşdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü xalqa müraciətində insanları enerjiyə qənaət etməyə çağırıb.

O, hökumətin "şəhər və kəndlərdə kritik infrastruktur üçün mobil enerji təchizatı məntəqələri" yaratmaq üzərində işlədiyini deyib.

Ukraynanın elektrik şəbəkəsi operatorunun bildirdiyinə görə, tədarük məhdudiyyətləri səhər saat 7-dən axşam saat 23-ə qədər qüvvədə olacaq və soyuq aylar yaxınlaşdıqca, gələcəkdə də belə addımlar atılmalı olacaq.

Bu arada, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərşənbə günü ABŞ, Britaniya və Fransanın tələbi ilə keçirdiyi özəl iclasda Rusiyanın Ukraynadakı müharibədə İran istehsalı olan dronlardan istifadə etməsi məsələsini müzakirə edib.

Vaşinqton, London və Paris deyirlər ki, Tehranın bu pilotsuz uçuş aparatlarını Rusiyaya verməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur. Bu qətnaməyə əsasən, İrana və ya İrandan məhdudlaşdırılmış təchizatlar yalnız Təhlükəsizlik Şurasının icazəsi ilə olmalıdır ki, şuradan belə bir icazə istənilməyib.

Fransa səfiri Nicola de Rivye iclası tərk etdikdən sonra jurnalistlərə "Bizim çox aydın göstəricimiz var - pilotsuz təyyarələr Rusiyaya İrandan gətirilib və onlar Ukraynada istifadə olunub. Bu, 2231 saylı qətnamənin pozulması deməkdir" deyib.

"Biz bunun BMT Təhlükəsizlik Şurasında İran və Rusiyanı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə məsuliyyətə cəlb etmək barədə müzakirələrdən birincisi olacağını gözləyirik" - deyə, ABŞ-ın BMT-dəki missiyasının nümayəndəsi Neyt Evans bildirib.

Ukrayna rəsmilərinin dediyinə görə, keçən həftə paytaxt Kyiv də daxil olmaqla, Rusiyanın hücumları zamanı İran istehsalı Şahed-136 pilotsuz təyyarələrdən istifadə edib.

İranın BMT-dəki səfiri jurnalistlərə deyib ki, onun hökuməti ona qarşı dezinformasiya kampaniyasının bir hissəsi olan "əsassız və sübutu olmayan iddiaları" qəti şəkildə rədd edir.

Rusiyanın BMT-dəki nümayəndəsi jurnalistlərə bu iddiaların "əsassız" olduğunu, qətnaməni pozan heç bir silah və Ukraynada istifadə üçün İranın Rusiyaya heç bir pilotsuz təyyarə vermədiyini deyib.

XS
SM
MD
LG