Accessibility links

Ukrayna ilə Rusiya arasında daha bir hərbi əsir mübadiləsi olub


Ukrayna ilə Rusiya arasında növbəti dəfə hərbi əsir mübadiləsi aparılıb. Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın bildirdiyinə görə, 107 hərbçi Ukrayna tərəfə, eyni sayda məhbus Rusiya tərəfə qaytarılıb. Əsirlərin dəyişdirilməsini Rusiya Federasiyasının Müdafiə Nazirliyi də təsdiqləyib.

Rusiya əsirliyindən Ukraynaya 6 zabit, 101 sıravi və serjant rütbəli hərbçi qayıdıb. Ölkəyə qayıdan hərbi əsirlərdən 74 nəfəri Mariupoldakı "Azovstal" zavodunu müdafiə edib.

"Biz çox sayda döyüşlərdə yaralananları qaytardıq. Xüsusilə, Mariupoldan, Azovstaldan olan ağır yaralıları və yataq xəstələrini, qollarında və ayaqlarında qəlpə olanları, bədənin müxtəlif nahiyələrindən güllə yarası alanları dəyişə bildik. Onların arasında əzaları kəsilmiş, yanmış və iinfeksiyalı yaraları olan insanlar var. Yelenovski koloniyasında partlayış zamanı yaralanan döyüşçü də var" - deyə, Yermak bildirib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi də öz növbəsində əsirlikdən qayıdanların şəxsi heyətini dəqiqləşdirməyib.

"Azad edilmiş şəxslər Rusiya Aerokosmik Qüvvələrinin Hərbi-Nəqliyyat Aviasiyası təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdırılacaq. Həbsdən çıxanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir" - məlumatda deyilib.

Oktyabrın 26-da hərbi əsirlərin mübadiləsi çərçivəsində Ukrayna və Rusiya bir-birinə 10 hərbçi qaytarıb. Rusiya avqustun 23-də Ukrayna uğrunda döyüşlərdə həlak olan amerikalı könüllü, ABŞ ordusunun veteranı Coşua Alan Consunun da cəsədini təhvil verib.

Oktyabrın ortalarında Ukrayna 108 qadın əsgərini əsirlikdən geri qaytarıb. Azad edilən ukraynalı qadınlar arasında Azovstaldan təxliyə edilən 37 nəfər, 11 zabit, 85 sıravi və çavuş var idi.

Sentyabrın 21-də 124-ü zabit olmaqla, 215 hərbi əsir Ukraynaya qayıdıb. Rusiya əsirliyindən vətənə qayıdanlar arasında 108 "Azov" döyüşçüsü, həmçinin sərhəd xidməti və polis işçiləri, quru qoşunların döyüşçüləri olub.

XS
SM
MD
LG