Accessibility links

Ukrayna son zamanlar məhbus mübadiləsinin olmamasında Rusiyanı günahlandırıb


Ukrayna son bir neçə ayda müharibə edən iki ölkə arasında məhbus mübadiləsinin olmamasında Rusiyanı günahlandırıb.

Ukrayna və Rusiya arasında gedən müharibənin ilk aylarından bəri Kyiv və Moskva bir çox məhbus mübadiləsi həyata keçirsə də, bu il onların sayı azalıb, avqust ayından bəri isə mübadilə heç olmayıb.

Ukraynanın insan haqları üzrə komissarı Dmitri Lubinets cümə axşamı "Mübadilələr Rusiya istəmədiyi üçün baş tutmur" deyib.

"Müdafiəçilərimizin əsirlikdən qayıtması ilə bağlı Ukraynanın bütün təşəbbüsləri, istəkləri və addımları Rusiyanın öz vətəndaşlarını geri qaytarmaq istəməməsi ilə qarşılanır"- deyə, Lubinets Telegram kanalında yazıb.

Lubinets həmçinin əlavə edib ki, Ukraynada saxlanılan rus hərbi əsirləri mübadilə etmək istədiklərini desələr də, lakin "Rusiya tərəfdən heç kim onları geri almaq istəmir".

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gecə çıxışında Rusiya ordusunun təzyiqi altında olan Ukraynanın şərqindəki mühüm cəbhə bölgələrində istehkamların tikintisini sürətləndirməyə çağırıb.

"Möhkəmləndirməyə ehtiyac duyulan bütün əsas sektorlarda, strukturların tikintisində təkan və sürətlənmə olmalıdır"- deyə, Zelenski bildirib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi cümə axşamı deyib ki, ABŞ Ukrayna ilə birlikdə Rusiyanın gözlənilən qış hücumuna hazırlıqlar aparır.

Kirbi bildirib ki, Vaşinqton Rusiyanın bu qış Ukraynanın əsas enerji infrastrukturunu hədəf almağa çalışacağını proqnozlaşdırır. Buna görə də Birləşmiş Ştatlar insanların istilik və elektrik enerjisini itirməməsinə yardım dtmək üçün avadanlıqlar tədarük edir.

Forum

XS
SM
MD
LG