Accessibility links

Putin: Ukraynada müharibə tezliklə bitməyəcək


Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Ukraynada müharibənin uzanacağını gözlədiyini, lakin hazırda əlavə hərbçilərin səfərbər edilməsinin "məntiqli olmadığını" deyib.

Putin Kremlin İnsan Haqları Şurasının ona sadiq jurnalistlər, fəallar və ictimai xadimlərdən ibarət qrupunun televiziya ilə nümayiş etdirilən iclasında deyib ki, Ukraynadakı müharibədə "özünümüzü əlimizdə olan bütün vasitələrlə müdafiə etməyə davam edəcəyik". O, Rusiyanın Qərbdə "mövcudluğa heç bir hüququ olmayan ikinci dərəcəli ölkə" kimi göründüyünü iddia edib.

"Xüsusi hərbi əməliyyatın müddətinə gəlincə, əlbəttə ki, bu, uzun proses ola bilər" - deyə, Putin Ukraynaya qarşı 10-cu ayında olan müharibədə üstünlük verdiyi termindən istifadə edib.

Lakin o, sentyabr və oktyabr aylarında azı 300 min ehtiyatda olan hərbçinin orduya çağırılmasından sonra ikinci səfərbərliyinə ehtiyac olmadığını bildirib. Ukraynaya qarşı döyüşmək üçün ön cəbhəyə göndərilməkdən qorxan minlərlə kişi imkan daxilində Rusiyadan təhlükəli yollar və ya başqa ölkələrə getmək üçün bəzən həddindən artıq yüksək məbləğdə pul ödəyərək qaçıb.

Putin orduya çağırılanlardan 150 min nəfərinin hazırda Ukraynada yerləşdirildiyini, onlardan 77 min nəfərin artıq döyüş bölmələrində olduğunu, qalanlarının isə müdafiə funksiyalarını yerinə yetirdiyini deyib. Onun sözlərinə görə, qalan 150 min nəfər isə hələ də təlim mərkəzlərindədir.

"Bu şərtlər daxilində hər hansı əlavə səfərbərlik tədbirləri haqqında danışmaq sadəcə olaraq, mənasızdır" , Putin deyib.

Bundan əvvəl də Ukraynadakı müharibəni müzakirə edərkən dediyi kimi, Putin nüvə müharibəsi riskinin artdığını, lakin Rusiyanın bu cür silahlardan ehtiyatsızlıqla istifadə etməklə hədələməyəcəyini deyib.

"Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu anlayırıq. Biz bu vasitələrə hər hansı digər nüvə ölkəsindən daha təkmil və müasir formada malikik, bu, açıq-aydın bir faktdır. Lakin biz bu silahı ülgüc kimi əlimizə alıb yelləyərək, dünyanı dolaşmaq fikrində deyilik" - deyə, o bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Putinin şərhləri ilə bağlı suala birbaşa cavab verməyərək, "Biz nüvə silahı ilə bağlı hər hansı boş söhbətin tamamilə məsuliyyətsiz olduğunu düşünürük" deyib.

XS
SM
MD
LG