Accessibility links

Putin Rusiyanın ilhaq etdiyini iddia etdiyi Ukrayna bölgələrində vəziyyətin çox ağır olduğunu deyib


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı deyib ki, bu ilin əvvəlində Moskvanın Ukraynadan ilhaq etdiyini iddia etdiyi dörd bölgəsində vəziyyət "son dərəcə mürəkkəbdir".

Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları qarşısında çıxış edən Putin Ukraynanın şərqində Donetsk və Luhansk, cənubunda isə Xerson və Zaporijye bölgələrini xüsusi qeyd edib.

"Orada yaşayan insanlar, Rusiya vətəndaşları sizə, sizin himayənizə arxalanır," Putin bildirib.

Rusiya Putinin sentyabr ayında bəyan etdiyi ilhaq iddiasının bir hissəsi olan dörd bölgənin heç birinə heç vaxt tam nəzarət etməyib. Onun bu addımı beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib.

Putin çərşənbə axşamı Rusiyanın ən yüksək təhlükəsizlik qurumu olan Federal Təhlükəsizlik Bürosunu (FSB) xaricdən gələn yeni təhdidlərə və daxildəki satqınlara qarşı mübarizə üçün ölkəsinin sərhədlərində və daxilində nəzarəti gücləndirməyə çağırıb.

O bu açıqlamaları Minskə qonşu müttəfiqi Belarusla əməkdaşlığın faydalarını vurğuladığı nadir səfərindən bir gün sonra verib. Səfər Kyivdə iki ölkənin qurudan birgə hücum planları olduğu ilə bağlı qorxuların artmasına səbəb olub.

Ukraynanın birləşmiş qüvvələrinin komandanı Serhiy Nayev deyib ki, o, Putinin belaruslu həmkarı ilə görüşü zamanı "Ukraynaya qarşı növbəti təcavüz və Belarus silahlı qüvvələrinin Ukraynaya qarşı əməliyyatda, əsasən də daha geniş şəkildə qurudan iştirakını" müzakirə etdiyinə inanır.

Belarus prezidenti Aleksandr Lukaşenko fevral ayında Rusiya qüvvələrinin Ukraynaya hərbi müdaxilə etmək üçün öz ərazisindən istifadə etməyə imkan verdikdən sonra ölkəsinin qoşunlarını Ukraynaya göndərmək niyyətində olmadığını dəfələrlə bildirib.

"Rusiyanın heç kimi özünə cəlb etmək marağında deyil. Bunda sadəcə olaraq heç bir məqsədəuyğunluq yoxdur. Bu, ələ keçirmək deyil, siyasətin uyğunlaşdırılması məsələsidir" - deyə, Putin mətbuat konfransında bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu şərhlə bağlı suala cavab verərkən deyib ki, bu sözlərin hazırda "sülhsevər qapı qonşunu zorakılıqla ələ keçirmək istəyən bir liderdən gəldiyi nəzərə alınsa, bu, "ironiyanın zirvəsi" kimi qəbul edilməlidir.".

Prays əlavə edib ki, Vaşinqton Belarusun Putinə əlavə dəstək verib-verməyəcəyini yaxından izləməyə davam edəcək və əgər dəstək verərsə, buna "lazımi" cavab veriləcək.

Kreml Putinin Belarusun münaqişədə daha fəal rol oynamasını istəməsi ilə bağlı fikirləri rədd edib. RİA Novosti xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən belə xəbərlərin "əsassız" və "axmaqlıq" olduğunu bildirib.

XS
SM
MD
LG