Accessibility links

Putin Minskdə Lukaşenko ilə danışıqlar aparıb


Ukraynaya qarşı müharibəyə qoşulmaq üçün Belarusa təzyiq göstərməyə çalışacağı ilə bağlı fərziyyələr fonunda Rusiya prezidenti Vladimir Putin üç ildən artıq bir müddətdən sonra Minskə ilk səfəri zamanı Aleksandr Lukaşenko ilə danışıqlar aparıb.

Lukaşenko Putinə deyib ki, son zamanlarda ikitərəfli münasibətlərdə əsas məsələlər müdafiə və təhlükəsizlikdən ibarətdir.

"Çətin dövrlər bizdən siyasi iradəyə malik olmağı və diqqəti ikitərəfli gündəliyin bütün mövzuları üzrə nəticələr əldə etməyə yönəltməyi tələb edir, " Lukaşenko dekabrın 19-da keçirilən görüş zamanı deyib.

Lukaşenkonun ofisi görüşdən əvvəl prezidentlərin təkbətək danışıqlar, inteqrasiya ilə bağlı isə nazirlərlə daha geniş müzakirələr aparacağını bildirib. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın qərb qonşusuna Ukraynaya qarşı müharibəyə getməsi üçün təzyiq göstərəcəyi ilə bağlı fərziyyələri rədd edib.

Səfər Rusiya qüvvələrinin səhər tezdən kamikadze dronlarından istifadə edərək, Kyiv və onun ətraf rayonlarının elektrik şəbəkələri və digər infrastruktura hücumundan bir neçə saat sonra baş tutub.

Analitiklər və hərbi rəsmilərin bildirdiyinə görə, Putin Lukaşenkonu Ukraynaya qarşı Belarus əsgərlərini Rusiya qüvvələri ilə birlikdə döyüşməyə razı salmağa çalışa bilər.

Digər ekspertlər isə Rusiya liderinin Ukraynanın hərbi rəhbərliyinin diqqətini yayındırmağa və qüvvələrini şərqdəki şiddətli döyüşlərdən uzaqlaşdıraraq, şimalda Belarusla sərhədə doğru çəkməyə cəhd edə biləcəyini deyir.

Ukraynalı general-leytenant Serhiy Nayev dekabrın 18-də bildirib ki, iki lider çox güman ki, Belarus ordusunun müharibəyə "daha geniş cəlb olunmasını" müzakirə edəcək.

Putinin səfərindən əvvəl jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Putinin Lukaşenkonu müharibədə daha fəal rol almağa sövq edəcəyi ilə bağlı xəbərlərin "əsassız" olduğunu deyib və "axmaqlıq" adlandırıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da belaruslu həmkarı ilə görüşmək üçün Minskdə səfərdə olduğu bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna "Belarus ərazisindən gələn hücum da daxil olmaqla, bütün mümkün hadisələrə hazırlaşır".

XS
SM
MD
LG