Accessibility links

Ukraynada hərbçilər və mülki vətəndaşlar arasında ölənlər və yaralananlar var


Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “nazifikasiya və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları barədə xəbərlər gəlməyə başladı. Rusiya qoşunları Ukraynanın 5 rayonundan sərhədi keçib.

Ukrayna prezidenti Volodimir Zelenski bütün Ukraynada hərbi vəziyyət elan edib. Ukrayna Rusiya ilə bütün diplomatik əlaqələrini kəsib və hava məkanını bağlayıb.

Kyiv, Dnepr və Çerkassk vilayətində komendant saatı elan edilib. Ukrayna hərbçiləri və mülki vətəndaşlar arasında ölənlər və yaralananların olduğu bildirilir.

Rusiya ordusunun Donetsk vilayətinin qərb hissəsindəki Uqledar yaşayış məntəqəsinə atdığı mərminin yerli xəstəxanaya düşməsi 4 mülki vətəndaşın ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Yaralılar arasında 6 həkim var. Atışma saat 11:00 radələrində başlayıb.

Kyiv vilayətinin Obuxov rayonu Jukovsı kəndi ilə Tripolya kəndi arasına düşən Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi təyyarədəki 14 nəfərdən 5-i həlak olub.

Kyiv vilayətinin Brovarı şəhərinin meri bildirib ki, partlayış nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Odessa Dövlət Administrasiyası mətbuat xidmətinin bildirdiyinə görə, Odessa vilayətinin Podolski rayonu Lipetskoye kəndindəki hərbi hissəyə endirilən zərbə nəticəsində 22 nəfər həlak olub.

XS
SM
MD
LG