Ukrayna ordusu Baş Qərargahının dekabrın 8-də bildirdiyinə görə, Rusiyanın Qara Dəniz Donanmasının strateji əhəmiyyətli Sevastopol limanında güclü partlayışın baş verdiyi barədə xəbərdən sonra Rusiya qüvvələri Ukraynanın şərqindəki mövqelərə və yaşayış məntəqələrinə yeni hücumlar həyata keçirib.
Baş Qərargah gündəlik hesabatında bildirib ki, Rusiya qüvvələri əsasən Baxmut, Avdiyivka və Luhansk şəhərləri olmaqla, Ukraynanın Donetskdəki mövqelərinə qarşı amansız raket hücumlarını və bombardmanlarını davam etdirir.
Ruslar Xarkivin şimal-şərq bölgəsində, Rusiya sərhədindən bir neçə kilometr aralıda yerləşən Ternova kəndinə hücum edib.
Ukrayna hərbçiləri həmçinin bildiriblər ki, rus işğalçıları Zaporijyenin Melitopol şəhərində yerli əhalini səfərbər etməyə başlayıb.
Orada "səfərbərlik məqsədi ilə çağırış yaşında olan kişilərdən hərbi komissarlığa gəlmək tələb edilir" - deyə, hərbçilər bildirib.
Dekabrın 8-də səhər tezdən Sevastopol səhərinin mərkəzində güclü partlayış səsi eşidilib. AzadlıqRadiosunun müxbirləri partlayışdan bir neçə saniyə əvvəl raketin atıldığı zamanı çıxan səsə bənzər səs eşidildiyini bildirib.
Moskvanın Sevastopolda qurduğu administrasiyanın rəhbəri Mixail Razvojayev partlayışın "dronun vurulması" nəticəsində baş verdiyini deyib. Razvozhayev Telegram kanalında bildirib ki, Rusiya Qara Dəniz Donanması gəmisi Qara dəniz üzərində pilotsuz uçuş aparatını vurub.
O, dronun kimə məxsus olduğu barədə məlumat verməyib.
Avqust ayından bəri Sevastopolda bir neçə dəfə partlayış olub. Rusiya rəsmiləri bunun Ukraynanın pilotsuz təyyarələrinin hücumları nəticəsində baş verdiyini deyir.