Accessibility links

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməyə səs verəcək


Ukraynanın BMT-dəki səfiri Serhiy Kislitsa
Ukraynanın BMT-dəki səfiri Serhiy Kislitsa

Ukrayna beynəlxalq ictimaiyyəti paytaxtına və bir sıra digər şəhərlərə edilən ölümcül raket hücumlarını pisləməyə, Moskvanın ölkənin şərq və cənubunda dörd rayonu ilhaq etmək cəhdini rədd etməyə çağırıb.

"Rusiya nümayəndə heyəti Baş Assambleyaya daxil olanda onun arxasınca qan izi gəlir və bu salon tüstülənən insan ətinin iyisi ilə dolur" - deyə, Ukraynanın BMT-dəki səfiri Serhiy Kislitsa BMT Baş Assambleyasının xüsusi iclasında çıxışı zamanı bildirib.

Kislitsa deyib ki, Ukraynaya azı 84 raket və azı 20 pilotsuz aparat atılıb, onların ardında ölüm və dağıntı izləri qalıb.

"Hədəflər arasında enerji obyektləri, yaşayış binaları, məktəblər və universitetlər, muzeylər və şəhər mərkəzlərindəki qovşaqlar olub. Bütün dünya xalqımızı qətlə yetirən terrorçu dövlətin əsl üzünü bir daha gördü", Kislitsa deyib.

Rusiyanın keçirdiyi qondarma "referendumlar" və Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporijye vilayətlərini ilhaq etmək cəhdlərini müzakirə etmək üçün xüsusi fövqəladə iclas çağırılıb. Lakin iyun ayından bəri sakitliyin hökm sürdüyü Kyiv də daxil olmaqla, Ukrayna şəhərlərinə endirilən zərbələr onları kölgədə qoyub.

Rusiyadan başqa çıxış edən 20 ölkənin hamısı son hücumları pisləyib, bəziləri isə hücumları hərbi cinayət kimi qiymətləndirib.

Moskva nümayəndəsi bazar ertəsi endirilən raket zərbələrinin şənbə günü Krımı Rusiya ilə birləşdirən körpüdə baş verən partlayışa cavab olduğunu bildirib.

"Biz xəbərdarlıq etdik ki, bu və buna bənzər şeylər nəticəsiz qalmayacaq. Kyiv rejimi bu cür təxribat törətməklə, terror təşkil etməklə, bəyənmədiyi məmurları və siyasətçiləri qətlə yetirməklə özünü ən iyrənc beynəlxalq terror təşkilatları ilə bir sırada qoyub" , Vasili Nebenzya deyib.

Ukrayna yük maşınının körpüdə partladılmasının onun xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyinə inandırıcı eyham vursa da, ictimaiyyət qarşısında məsuliyyəti üzərinə götürməyib.

Baş Assambleyada müzakirələr çərşənbə günü davam etdiriləcək. Rusiyanın bir neçə müttəfiqi - Belarus, Şimali Koreya və Suriya daxil olmaqla, 45 ölkə söz istəyib. Rusiyanın BRICS blokundakı dostlarından assambleyada yalnız Çin çıxış etmək istədiyini bildirib.

Müzakirələrin sonunda ABŞ çıxış edəcək. Bazar ertəsi görüşdən əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, heç bir vicdanlı ölkə Rusiyanın Ukraynada törətdiyi dəhşətlərə biganə qala bilməz.

XS
SM
MD
LG