Accessibility links

ABŞ, Fransa və Britaniya BMT Təhlükəsizlik Şurasından İranın Rusiyaya silah verilməsi ilə bağlı iclas keçirməyi xahiş edib


Birləşmiş Ştatlar, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasından Rusiyanın Ukraynadakı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etməsi məsələsini müzakirə etməyi xahiş ediblər.

Diplomatlar çərşənbə axşamı bildiriblər ki, onlar çərşənbə günü bağlı qapılar arxasında keçiriləcək iclasda BMT rəsmisinin Təhlükəsizlik Şurasına bu barədə məlumat verməsini istəyib.

Ukrayna rəsmiləri bildiriblər ki, paytaxt Kyiv də daxil olmaqla, keçən həftə boyu hücumlar zamanı istifadə edilən pilotsuz təyyarələr Rusiyanın partlayıcı maddələr daşımaq və hədəflərini vurmaq üçün istifadə etdiyi İran istehsalı "Şahed-136" dronları olub.

İran dronları Rusiyaya verdiyini, Rusiya rəsmiləri isə onlardan istifadə etdiyini inkar edib.

Estoniyanın müdafiə naziri Hanno Pevkur çərşənbə axşamı jurnalistlərə deyib ki, o, "Ukrayna şəhərlərinə" daha çox dron hücumlarının olacağını gözləyir.

Pevkur deyib ki, Ukrayna hücum edən pilotsuz təyyarələrin təxminən yarısını vurmağa nail olub, lakin onun hələ də daha çox yardıma ehtiyacı var. Ukrayna rəsmiləri son günlər müttəfiqlərinə hava hücumundan müdafiə yardımını artırmaqla bağlı çağırışlarını bir daha təkrarlayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, son bir həftə ərzində şəhərlərin elektrik stansiyaları, kanalizasiya qurğuları, yaşayış binaları, körpülər və digər obyektlər 100-dən çox İran istehsalı olan dronlarla vurulub.

Kyiv qüvvələri keçən ay Moskvanın qanunsuz ilhaq etdiyi cənub və şərq rayonlarını geri almaq məqsədilə hücuma keçdiyi bir vaxt, Rusiyanın Ukraynadakı yeni ordu komandiri çərşənbə axşamı bildirib ki, Xerson vilayətinin cənubunda vəziyyət "çox ağırdır".

"Bu ərazidə vəziyyət ağırdır. Düşmən Xersonda infrastruktura və yaşayış binalarına qəsdən zərbələr endirir" - deyə, Rusiya Hərbi Hava Qüvvələrinin generalı Sergey Surovikin "Rossiya 24" dövlət tele-kanalına bildirib.

Surovikin deyib ki, Ukraynanın Moskvanın nəzarətindəki 4 bölgədən biri olan Xersonu geri almaq üçün hücuma keçməzdən əvvəl Rusiya mülki əhalini təxliyə etməyi planlaşdırır.

O, çərşənbə axşamı Ukraynanı ikiyə bölən 2200 kilometr uzunluqdakı Dnepr çayı sahilinin dörd şəhərindən mülki əhalinin "mütəşəkkil və tədricən köçürülməsinə" çağırıb.

Regionun rəhbəri Vladimir Saldo çərşənbə axşamı Associated Press xəbər agentliyinə bildirib ki, Berislav, Belozersk, Snigiryovsk və Aleksandrovsk şəhərlərinin sakinləri Dneprdən, Rusiya qoşunlarının "genişmiqyaslı müdafiə istehkamlarından" uzaqlaşdırılmalıdır.

XS
SM
MD
LG