Accessibility links

Zaporijye səlahiyyətliləri: Şəhərə kamikadze dronları ilə zərbələr endirilib


Zaporijyenin hakimiyyət orqanlarının bildirdiyinə görə, oktyabrın 7-nə keçən gecə şəhərə kamikadze dronları zərbələr endirib. Bir gün öncə Zaporijyeyə edilən raket hücumunun qurbanlarının sayı isə 11 nəfərə çatıb.

Zaporijye regional hərbi administrasiyasının rəhbəri Oleksandr Starux zərbələrin gecə yarısı İranın Şahid-136 pilotsuz təyyarələri tərəfindən endirildiyini bildirib.

"Düşmən rayon mərkəzinə hücum edib. Şəhərin iki rayonunda infrastruktur obyektləri dağıdılıb. Bu gün işğalçı ilk dəfə pilotsuz uçuş aparatlarından istifadə edib. Belə görünür onlar "Şahid-136" PUA-ları idi. Bu səbəbdən şəhər əhalisi güclü partlayış səsləri eşitməyib” Starux yazıb.

Onun sözlərinə görə, bir nəfər xəsarət alıb və həmin şəxs xəstəxanaya yerləşdirilib.

Ukraynanın Telegram kanalları da İran PUA-larının Nikolayev şəhərinə və ətrafına hücumlar etdiyini bildirib. “Novosti Nikolayev” kanalı mühərriklərinin xarakterik səsini və partlayışları, həmçinin reaktiv təyyarənin səsinə bənzər səslərin eşidildiyi bir neçə video yayıb.

Bu arada isə xilasedicilər Zaporijyeyə oktyabrın 6-da edilən raket hücumu nəticəsində ölənlərin sayının 11 nəfərə çatdığını bildirib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, oktyabrın 7-də səhər saatlarında beşmərtəbəli yaşayış binasının dağıntıları altından 8 nəfərin, dördmərtəbəli yaşayış binasının dağıntıları altından isə 3 nəfərin cəsədi çıxarılıb.

Dağıntılar altından 21 nəfər xilas edilib, onlardan 20-si xəstəxanaya yerləşdirilib.

Xilasedicilər axtarışları davam etdirir. İki beşmərtəbəli bina dağılıb. Yaxınlıqdakı evlərin pəncərələri sınıb. Daha bir raket özəl sektora düşüb. İki ev dağılıb.

XS
SM
MD
LG