Accessibility links

Ukrayna Rusiyanın 17 pilotsuz təyyarəsini vurduğunu bildirib


Ukrayna ordusu bazar ertəsi bildirib ki, keçən gecə Ukraynanın bir çox bölgəsini hədəf alan hücumlar zamanı Rusiyaya məxsus 17 pilotsuz uçuş aparatını və idarə olunan raketini vurub.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ümumilikdə 24 pilotsuz təyyarə ilə hücum etdiyini, 17 pilotsuz uçuş aparatının Odesa, Mikolayiv, Kirovohrad, Xmelnitski və Jitomir vilayətləri üzərində məhv edildiyini bildirib.

Odesa vilayətinin qubernatoru Oleh Kiperin bildirdiyinə görə, dronlardan dördü cənub bölgəsi üzərində məhv edilib, lakin hücum zamanı logistika və nəqliyyat obyektinə, eləcə də yanacaqdoldurma məntəqəsinə ziyan vurub.

Kiper itkilərin olmadığını bildirib.

Rusiyanın son hava hücumları Ukrayna prezidenti Volodimir Zelenskinin müttəfiqlərini Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün "siyasi iradəsi" olmasının vacibliyini vurğulamasından bir neçə saat sonra baş verib.

"Aydındır ki, Ukraynada bizim üçün mövcud olan hava hücumundan müdafiə imkanları yetərli deyil və bu, bütün tərəfdaşlarımıza da aydındır. Və nəhayət, dünya rus terrorçularının Xarkiv, Kupyansk, Donetsk şəhərləri, Zaporijye, Sumı vilayətləri və Ukraynanın bir çox digər məntəqələrinə yetirdiyi ağrıları bilməlidir" - deyə, Zelenski gecə çıxışında bildirib.

Kyiv bazar günü Rusiyanın nəzarətində olan Zaporijye nüvə stansiyasına pilotsuz təyyarələrin hücumu və üç nəfərin yaralanması ilə nəticələnən hücumların arxasında Ukraynanın dayanması ilə bağlı Rusiyanın iddialarını rədd edib.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andriy Yusov jurnalistlərə verdiyi açıqlamasında "Ukrayna Rusiya tərəfindən qeyri-qanuni işğal edilmiş Zaporijye Atom Elektrik Stansiyasının ərazisində hər hansı silahlı təxribatda iştirak etməyib" deyib.

"Ukrayna Atom Elektrik Stansiyasının ərazisinə imitasiya zərbələri də daxil olmaqla, Rusiyanın həyata keçirdiyi hücumlar işğalçıların məlum cinayət əməlidir" - deyə, o, Telegram kanalında yazıb.

Rusiya Ukraynanı Rusiyanın nəzarətində olan Zaporijye Atom Elektrik Stansiyasının müxtəlif obyektlərinə, o cümlədən bazar günü aktiv olmayan reaktorun qübbəsinə zərbələr endirməkdə ittiham edib. Zaporijye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Forum

XS
SM
MD
LG