Accessibility links

Ukrayna qoşunları Severodonetskdən geri çəkilir


Region qubernatoru bildirib ki, Ukrayna qoşunları həftələrdir davam edən intensiv bombardmanlardan və rus qoşunları ilə küçə döyüşlərindən sonra şərqdəki Severodonetsk şəhərindən geri çəkilir.

Luhansk qubernatoru Serhiy Haidai cümə günü deyib ki, Severodonetskdəki qoşunlar yeni mövqelərə keçmək əmrini artıq alıblar.

Ukraynanın regiondakı hərbi lideri əlavə edib ki, Rusiyanın irəliləyişləri şəhərlə əlaqənin kəsilə və onun mühasirəyə alınacağına dair qorxuları artırdığından, Severodonetskdə qalmağa davam etməyin mənası yoxdur.

Ukrayna Rusiya qüvvələrinin şərqdəki Luhansk vilayətindəki qonşu Lisiçansk şəhərini tamamilə işğal etdiyini bildirib. Moskva bölgədə 2000-ə yaxın Ukrayna əsgərini mühasirəyə aldığını iddia edib.

Rusiyanın irəliləyişləri Kremli Moskvanın bəyan etdiyi müharibə məqsədlərindən biri olan Luhansk vilayətinə tam nəzarəti ələ keçirməyə yaxınlaşdırıb.

Bu arada, Ukraynanın cənub-şərqində rus qoşunlarının işğal etdiyi Xerson şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində Moskvanın təyin etdiyi bir məmur həlak olub. Dmitri Savluçenko cümə günü maşını partladıqdan sonra ölüb. O, işğalçı qüvvələr tərəfindən yaradılmış şəhərin hərbi və mülki administrasiyasının Ailə, Gənclər və İdman İdarəsinə rəhbərlik edirdi.

Administrasiya rəhbərinin müavini Reuters agentliyinə bildirib ki, Ukraynanın işğal olunmuş Xerson vilayətinin Rusiya tərəfindən təyin olunmuş administrasiyasının yüksək vəzifəli məmuru aşkar sui-qəsd nəticəsində öldürülüb.

Partlayış nəticəsində iki avtomobilə ziyan dəyib, yaxınlıqdakı yaşayış binalarının şüşələri də sınıb. Digər itkilər barədə məlumat verilmir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Ukrayna Müdafiə Nazirliyi və hərbi kəşfiyyat nümayəndələri ölkənin Rusiya tərəfindən işğal olunmuş ərazilərində partizan dəstələrinin fəaliyyət göstərdiyini bildiriblər.

Xerson Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasının şimal-qərbində yerləşir və Rusiyanın fevral ayında başlayan təcavüzünün ilk həftəsində işğal edilib. Yerli əhalinin böyük bir hissəsi oranı tərk edib.

XS
SM
MD
LG