Accessibility links

Ukraynanın dörd bölgəsində qondarma "referendum"da səsvermə başa çatmaq üzrədir


Ukraynanın dörd bölgəsində Rusiya tərəfindən təyin edilmiş hakimiyyət orqanlarının keçirdiyi Rusiyaya birləşdirilməklə bağlı "referendum"da səsvermə çərşənbə axşamı sona çatır. Ukrayna hökuməti və onun Qərb müttəfiqləri səsverməni saxta kimi rədd edir.

"Biz dünyadakı tərəfdaşlarımızla birlikdə Rusiyanın elan etdiyi hər hansı uydurma nəticəni rədd edirik," Ağ Evin mətbuat katibi Karin Jan Pyer bazar ertəsi jurnalistlərə deyib.

"Gördüyümüz işlərə gəlincə, biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə ilhaq olduğunu müşahidə etdiyimiz halda buna cavab olaraq, Rusiyaya sürətli şəkildə və ciddi əlavə iqtisadi xərclər qoymağa hazırıq. Biz bunu çox açıq şəkildə bildirmişik" - deyə, Jan Pyer bildirib.

Səsvermə cümə günü Rusiyanın nəzarətində olan Luhansk və Xerson vilayətlərində, Donetsk və Zaporijya vilayətlərinin işğal olunmuş ərazilərində başlayıb. Bəzi hallarda Rusiya əsgərləri qapı-qapı gəzərək, ukraynalılardan silah gücü ilə səs vermələrini tələb edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev çərşənbə axşamı bildirib ki, Rusiya müəyyən həddən artıq təhdid edilərsə, onun "heç kəsin razılığını almadan və uzun məsləhətləşmələr aparmadan" cavab vermək hüququ var.

"Təsəvvür edək ki, Rusiya dövlətimizin mövcudluğu üçün təhlükəli olan irimiqyaslı təcavüz aktı törətmiş Ukrayna rejiminə qarşı ən güclü silahdan istifadə etməyə məcburdur. Mən inanıram ki, NATO bu halda münaqişəyə birbaşa müdaxilə etməkdən çəkinəcək", Medvedev mesencer tətbiqi kanalında yazıb.

ABŞ dövlət katibi Antoni Blinken bazar günü axşam saatlarında yayımlanan CBS News kanalının “60 Dəqiqə” verilişində müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Rusiyaya açıq şəkildə “nüvə silahları haqqında boş söhbətləri dayandırmağı bəyan edib”.

"Moskvanın bunu bizdən eşitməsi və nəticələrin dəhşətli olacağını bilməsi çox vacibdir və biz bunu çox açıq şəkildə ifadə etmişik" Blinken deyib.

XS
SM
MD
LG