Accessibility links

Ukrayna bayraqlarını dalğalandıraraq dünya boyu etirazçılar müharibə əleyhinə yürüşlər keçirib


Berlində insanlar Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı yürüşə toplaşıb, 27 fevral 2022-ci il.
Berlində insanlar Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı yürüşə toplaşıb, 27 fevral 2022-ci il.

Dünya boyu etirazçılar mavi və sarı rəngli Ukrayna bayraqlarını dalğalandıraraq, Ukrayna xalqına dəstək nümayiş etdirib və hökumətləri Kyivə kömək etmək üçün daha çox iş görməyə, Rusiyanın cəzalandırılmasına və daha geniş münaqişəyə yol verilməməsinə çağırıblar.

Sidneydə leysan yağışı altında bir neçə yüz insan “Ukrayna qalib gələcək” şüarları ilə yürüş keçirib, Tokioda isə etirazçılar Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını tələb ediblər.

Minlərlə insan Avropa şəhərlərində küçələrinə çıxıb, London, Berlin, Afina, Helsinki, Madrid və Milanda xaricdə yaşayan çox sayda ukraynalı da daxil olmaqla etirazçılar özlərini bayraqlara bürüyərək, əllərində “Müharibəni dayandırın” plakatları tutublar.

“Bura toplaşan insanlara baxırsınız və hamı qorxu içindədir... 80 ildir ki, bizdə sülh var idi və birdən-birə müharibə Avropaya qayıdır”, Münhenin Karlsplatz meydanında təxminən 2500 nəfərlik izdiham arasında olan Stefan Pişel deyib.

İsveçrənin paytaxtı Berndə təşkilatçıların bildirdiyinə görə, 20 mindən çox insanın toplaşdığı ehtimal edilən mitinq keçirilib. Şəhər bələdiyyəsi üzərində Ukrayna bayrağı dalğalandırılıb.

Bəzi nümayişçilər İsveçrə hökumətini Rusiyaya və əraziləri işğal etmək üçün deyil, Ukraynanın hərbi potensialını dağıtmaq və Kremlin təhlükəli millətçilər hesab etdiyi insanları ələ keçirmək üçün “xüsusi hərbi əməliyyat” əmri verdiyini deyən prezident Vladimir Putinə qarşı daha sərt tədbirlər görməyə çağırıb.

İstanbulda Türkiyədə yaşayan ukraynalılar milli himnlərini oxuyub və əllərində qanlı əl izləri olan plakatlar tutublar.

“Mənim ailəm Kyiv vilayətindədir və onlar bu gün Kyivə hücum edirlər. Nə edəcəyimi, nə düşünəcəyimi bilmirəm. Hər 10-15 dəqiqədən bir onlara zəng edirəm”, özünüViktoriya kimi təqdim edən etirazçı deyib.

“Ümid edirəm ki, bütün dünya...ayağa qalxacaq və ailələrimizi qorumaq üçün bir şey edəcək”, o əlavə edib.

“Yalnız deyil”

Yüzlərlə insan “Ukraynanı indi NATO-ya üzv edin” və “Putinə yox deyin” plakatları ilə BMT-nin Cenevrədə qərargahı qarşısındakı meydana toplaşıb.

“Mən buradayam, çünki doğulduğum ölkəmə görə son dərəcə utanıram”, 15 ildir İsveçrədə yaşayan və hazırda İsveçrə vətəndaşı olan əslən rusiyalı Valeri Braqar deyib.

Bu etiraz aksiyaları ötən günlərdə dünyanın müxtəlif yerlərində digər nümayişlərin ardınca keçirilir. Latın Amerikasında cümə günü Argentina, Braziliya, Meksika və Peruda keçirilən mitinqlərə qatılan etirazçılar “Yaşasın Ukrayna” şüarları səsləndiriblər.

Rusiyada da müharibə əleyhdarı fəallar hökumətin xəbərdarlıqlarına məhəl qoymayaraq, qəzəblərini ifadə edirlər. Polis cümə axşamı 1600-dən çox rusiyalı etirazçını saxlayıb.

Sidneydə bəzi etirazçılar hökumətdən Moskvaya qarşı sanksiyaları genişləndirməyi və Rusiya vətəndaşlarının Avstraliyaya səfərini qadağan etməyi tələb edib, digərləri isə NATO-nun müdaxiləsinə çağırıb.

“Mən Rusiyaya qarşı daha çox iqtisadi sanksiyaların tətbiq edilməsini, Ukraynaya hərbi yardımın göstərilməsini istəyirəm”, Katarina adlı etirazçı bildirib. “Mən daha çox hərəkət, daha konkret hərəkət və daha az söz istəyirəm. Hazırda diplomatiya üçün çox gecdir”, o əlavə edib.

Tokionun mərkəzində izdihamlı Şibuya ticarət mərkəzində bir neçə yüz rusiyalı, ukraynalı və yaponiyalı etirazçı çoxu uşaqları ilə əllərində Ukrayna bayraqları tutaraq, yapon və ingilis dillərində “Müharibəsi dayandırın” və “Putini dayandırın” şüarları səsləndirib.

“Mən sadəcə `Putin, bunu dayandır, ağlını başına qaytar` demək istəyirəm”, 58 yaşlı musiqiçi Hiroşi Savada deyib.

Hindistanda etirazçıların bir hissəsinin qəzəbini NATO və Qərbə yönəldib. “Ukraynada müşahidə etdiyimiz təcavüz ABŞ-ın NATO vasitəsilə, eləcə də Ukraynaya daxil olan Rusiya silahlı qüvvələri tərəfindən tətbiq edilib. Hər ikisi bu vəziyyətə görə cavabdehdir”, tələbə fəal Neha Dehlidə keçirilən etiraz aksiyasında bildirib.

XS
SM
MD
LG