Accessibility links

Zelenski müharibə başlayandan sonra Ukraynaya dəstək verən xarici aktyorları mükafatlandırıb


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından sonra Ukraynaya dəstək verən xarici vətəndaşları dövlət mükafatları ilə təltif edib. Onların hamısı müharibə zamanı Kyivdə olub. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

Onların arasında ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol, dizayner Demna Qvasaliya, aktyorlar Şon Penn, Ben Stiller, Liv Şrayber, aktrisa Cessika Çesteyn var.

Fərmana əsasən Makfol, Qvasaliya, Penn, Stiller və Şrayber üçüncü dərəcəli “Ləyaqət”, Çesteyn isə üçüncü dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif edilib.

Zelenski eləcə də ABŞ dövlət katibi Antoni Blinken, İtaliyanın Baş naziri Mario Draqi, pilotsuz “Bayraktar” uçuş aparatının tərtibatçısı Haluk Bayraktar və “Imagine Dragons” qrupunun üzvlərini müxtəlif mükafatlarla təltif edib.

Balenciaga brendinin kreativ direktoru Demna Qvasalia və “Imagine Dragons” qrupunun üzvləri ölkə üçün ianə toplanıldığı United 24 Ukrayna dövlət platformasının səfirləri oldu. Aktyorlar Şon Penn, Ben Stiller, Liev Şrayber və Cessika Çesteyn müharibə başlayandan sonra Ukraynaya gedib.

Bundan əvvəl Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonu Ukraynanın Azadlıq ordeni ilə təltif edib.

XS
SM
MD
LG