Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 22-də ölkədə korrupsiyanın yolverilməz olduğunu bəyan edib və korrupsiya ilə mübarizədə bir sıra mühüm qərarlar qəbul edəcəyinə söz verib.
Zelenskinin açıqlamaları Ukraynanın yüksək səviyyəli rəsmiləri arasında korrupsiya ittihamları, eləcə də Rusiyanın işğalına qarşı mübarizədə milli birliyə çağırışların edildiyi bir zaman şübhəli hərbi alış-verişə dair xəbərlər fonunda səslənib.
"Mən açıq şəkildə bildirmək istəyirəm ki, əvvəl olanlara, hökumətə yaxın insanların və ya ömür boyu kürsü dalınca qaçanların geri qayıtmaq imkanı olmayacaq," Zelenski gecə etdiyi video müraciətində deyib.
"Müvafiq qərarlar bu həftə veriləcək. Artıq qərarlar qəbul olunub. İndi onları açıqlamaq istəmirəm, lakin hər şey ədalətli olacaq" - deyə, Zelenski bildirib.
Zelenski rüşvətlə bağlı iddialar araşdırıldıqdan sonra nazir müavinlərindən birinin istefasını qəbul edib. Ukraynanın "Zerkalo Nedeli" nəşri hərbçilərin ərzaq məhsullarını şişirdilmiş qiymətlərlə aldığını bildirdikdən sonra müdafiə naziri Oleksiy Reznikov da korrupsiyada ittiham olunub.
Ukrayna Müdafiə Nazirliyi bu iddiaların yalan olduğunu bildirib. Parlament Komitəsinə təhqiqat aparılması həvalə olunub.
Korrupsiya və dövlət idarəçiliyi ilə bağlı problemlər Ukraynanı uzun müddətdir təqib edir. Ukrayna "Transparency İnternational" təşkilatının korrupsiya siyahısındakı 180 ölkə arasında 122-ci yerdədir. 2022-ci ildə Ukraynaya Avropa İttifaqına namizədlik statusu verildikdən sonra anti-korrupsiya islahatları Kyiv qarşısında qoyulan əsas tələblərdən biri olub.