Birləşmiş Millətlər Təşkilatının çərşənbə axşamı bildirdiyinə görə, Baş katib Antonio Quterreş cümə axşamı Ukraynanın qərbində Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla görüşəcək.
BMT-nin sözçüsü Stefan Düjarrik üçtərəfli görüşə dəvətin Zelenski tərəfindən edildiyini bildirib.
Liderlər Qara Dəniz Taxıl Təşəbbüsünün dörd üzvündən üçünü təmsil edir. Rusiya dördüncü üzvdür. İyulun 22-də İstanbulda imzalanmış saziş Ukrayna taxılının beynəlxalq bazara ixracının bərpasına imkan yaradıb. Eləcə də Rusiya gübrə və ərzaq məhsullarının satışındakı bəzi maneələri aradan qaldırıb.
Fevralın 24-də Rusiyanın Ukraynanı işğalından sonra təxminən 20 milyon ton Ukrayna taxılı ölkənin cənub limanlarında konteynerlərdə və təxminən iyirmi gəmidə ilişib qalıb.
Vəziyyət qlobal bazarlarda ərzaq qiymətlərinin artmasına səbəb olub. Bu, Ümumdünya Ərzaq Proqramının 82 ölkədə 345 milyon insanın ərzaq təhlükəsi ilə üzləşdiyi və 25 ölkədə 50 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdalıq etdiyi vaxta təsadüf edir. Müharibədən əvvəl Ukrayna ixracı dünyada 400 milyon insanı ərzaqla təmin edirdi.
Qara Dəniz Taxıl Təşəbbüsü əməliyyatına nəzarət edən Birgə Koordinasiya Mərkəzi iyulun 27-də onlayn rejimə keçdikdən sonra dayanmadan işləyir. O vaxtdan bəri Birgə Koordinasiya Mərkəzi 563,317 ton taxıl və digər ərzaq məhsulları daşıyan 21 gəmiyə Ukraynanın cənubundakı Odessa, Çernomorsk və Pivdennıy limanlarını (həmçinin Yujnı kimi tanınır) tərk etməyə icazə verib. Daha 15 gəmiyə ərzaq yüklərini götürmək üçün limanlara daxil olmaq icazə verilib. Onlar Qara dənizdəki humanitar dəhlizlə hərəkət edir.
Quterreş əməliyyatı iş prosesində görmək üçün Odessa limanına gedəcək. Daha sonra o, İstanbula yola düşəcək və şənbə günü Birgə Koordinasiya Mərkəzini ziyarət edəcək.
Düjarrik deyib ki, BMT baş katibinin Zelenski ilə ikitərəfli görüşü olacaq və bu görüş zamanı münaqişənin siyasi həlli və Beynəlxalq Atom Enerjisi Agentliyindən təcili texniki missiyanın Zaporojye nüvə stansiyasına göndərilməsinə ehtiyac kimi bir sıra məsələlərin müzakirə olunacağı gözlənilir. Həmin obyekt hazırda Rusiyanın nəzarətində olan ərazidədir.
Moskva BMT-ni bu səfərə mane olmaqda ittiham etsə də, BMT bu ittihamı rədd edib.