Accessibility links

Zelenski: Ukrayna ordusu Xarkiv vilayətindəki bəzi şəhərləri geri alıb


Ukrayna Prezidenti Volodimir Zelenski Xarkiv vilayətindən "yaxşı xəbər" gəldiyini, Ukrayna qüvvələrinin bəzi şəhərləri Rusiya ordusundan geri aldığını bildirib.

Zelenski son video-müraciətində bir neçə Ukrayna bölməsini xüsusi qeyd edərək, onların döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışıb.

O, həmçinin bildirib ki, Ukrayna artilleriyası Ukraynanın cənubunda Rusiya qüvvələrinə uğurlu zərbələr endirib.

ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kahl çərşənbə günü "Defence News"un ev sahibliyi etdiyi tədbirdə Ukrayna qüvvələrinin "yavaş, lakin əhəmiyyətli irəliləyiş əldə etdiyini" deyib.

"Mən şübhəsiz ki, hazırda cənubda Ukraynanın işlərinin Rusiyanınkından daha yaxşı getdiyini düşünürəm" Kahl deyib.

Britaniya Müdafiə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, çox ehtimal ki, Ukrayna qüvvələri cənubdakı Xerson vilayətinin Darivka şəhərində Rusiya qüvvələrinin istifadə etdiyi üzən hərbi körpüsünü dağıdıb.

Nazirlik bildirib ki, Ukrayna ordusu keçid məntəqələrini hədəf alaraq, Rusiyanın şərqdən qoşun yeritmək və tədarük cəhdlərini ləngidir.

"Darivka keçidi Rusiyanın Dnepr çayı boyunca hərbi mövcudluğunun şimal və cənub sektorları arasında əsas marşrutlarından biridir. Ukraynanın həssas keçid məntəqələrini sistematik şəkildə və dəqiqliklə hədəf alması, çox ehtimal ki, Rusiya qüvvələrinə təzyiq göstərməkdə davam edir" - deyə, nazirlik bildirib.

Ukrayna çərşənbə günü Zaporijya Atom Elektrik Stansiyası yaxınlığında Rusiyanın işğal etdiyi ərazilərdə yaşayan sakinləri təhlükəsizlikləri üçün qaçmağa çağırıb.

Baş nazirin müavini İrina Vereşçuk Telegram səhifəsində "Mən Zaporijya Atom Elektrik Stansiyasına yaxın rayonların sakinlərinə evakuasiya etmələri üçün müraciət edirəm! [Ukraynanın] nəzarətində olan əraziyə getməyin yolunu tapın" - deyə, o bildirib.

Telegram-da eləcə də stansiyanın xidmət etdiyi əsas şəhər Enerhodarın meri şəhərin Rusiya qüvvələri tərəfindən atəşə tutulduğunu və şəhərdə elektrik təchizatının olmadığını yazıb.

Həm Moskva, həm də Kyiv həftələrdir bir-birini Avropanın ən böyük nüvə stansiyasını atəşə tutmaqda ittiham edir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri çərşənbə axşamı bildirib ki, Ukraynanın Zaporijya Atom Elektrik Stansiyasına (AES) davamlı hücumlar "qəbuledilməzdir". O, obyektin daxilində və ətrafında silahsızlaşdırılmış zona yaradılmasına çağırıb.

"Biz odla oynayırıq və çox, çox fəlakətli bir şey baş verə bilər" - deyə, Rafael Mariano Qrossi BMT Təhlükəsizlik Şurasında video-brifinq zamanı xəbərdarlıq edib.

O, "buna görə də biz hesabatımızda ərazinin perimetri və zavodun özü ilə məhdudlaşan nüvə təhlükəsizliyi və təhlükəsizlik mühafizə zonasının yaradılmasını təklif etmişik" deyib.

BMT-nin Baş katibi Antonio Quterreş şuraya bunun region və onun hüdudlarından kənarda fəlakətə səbəb ola biləcəyini, buna görə də elektrik stansiyasına xəsarət dəyməməsi üçün bütün addımların atılmalı olduğunu deyib.

"Zavodun sırf mülki infrastruktur kimi bərpası üçün bütün səylər həyati əhəmiyyət kəsb edir" - deyə, o bildirib.

XS
SM
MD
LG