Accessibility links

Ukrayna rəsmiləri Rusiyanın Çernihivə ölümcül raket hücumu etdiyini bildirir


Ukrayna rəsmiləri çərşənbə günü Rusiyanın şimaldakı Çernihiv şəhərinə ölümcül raket zərbəsi endirdiyini bildiriblər.

Çernihiv şəhərinin meri Oleksandr Lomako Telegram-da bildirib ki, hücum nəticəsində ən azı 11 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Bölgə qubernatoru Vyaçeslav Çaus bir neçə raketin şəhərin mərkəzi yaxınlığına düşdüyünü bildirib.

"Mülki sakinlər arasında itkilər və çox sayda yaralı var" Çaus deyib.

Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə həlak olanlara başsağlığı verib və müttəfiqləri Ukraynaya özünü Rusiyanın raket və dron hücumlarından müdafiə etməsi üçün yardım göstərməyə çağırıb.

“Ukrayna kifayət qədər sayda hava hücumundan müdafiə sistemləri alsaydı və dünyanın Rusiya terroruna qarşı qətiyyəti yetərli olsaydı, bu baş verməzdi”, Zelenski bildirib. “Terrorçular yalnız terroru dayandıra və həyat xilas edə bilənləri qorxutduqlarında, həyatları məhv edə bilərlər. Qətiyyət vacibdir. Dəstək önəmlidir”.

Zelenski çərşənbə axşamı gecə çıxışında deyib ki, o, “səmanın mühafizəsi, zenit müharibəsi, müvafiq sistemlər və raketlərin təchizatını müzakirə etmək üçün” NATO-Ukrayna Şurasının iclasının keçirilməsini tələb edəcək.

Zelenski son günlərdə İsraili İranın dron və raket hücumundan müdafiə etmək üçün çoxmillətli səylərlə müqayisələr aparıb.

O, çərşənbə axşamı çıxışında münaqişələr arasında fərq qoyan digər ölkələrin rəsmilərinin şərhlərinə istinad edib. Zelenski deyib ki, İran istehsalı “Şahed” dronları, habelə təsirə məruz qalan insan həyatları da eynidir.

Rusiya müdafiə nazirliyi çərşənbə günü Mordoviya bölgəsi üzərində bir Ukrayna dronunu, Tatarıstan üzərində isə başqa bir dronu məhv etdiyini bildirib.

G-7 müzakirələri

ABŞ Dövlət katibi Antoni Blinken yeddi aparıcı sənaye ölkəsindən həmkarları ilə danışıqlar üçün İtaliyaya səfər edir. Dövlət Departamentinin məlumatına görə, orada o, ABŞ-ın Çinin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyi ilə bağlı narahatlığını müzakirə edəcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı jurnalistlərə bildirib ki, son aylarda Birləşmiş Ştatlar Çindən materialların Rusiyaya ötürülməsini müşahidə edib. Rusiya müdafiə sənayesi həmin materiallardan müdafiə sənayesi bazasını yenidən qurmaq və Ukraynada döyüş meydanında istifadə olunan silahlar istehsal etmək üçün istifadə edir.

"Biz bundan olduqca narahatıq", Miller deyib.

ABŞ rəsmiləri deyirlər ki, Birləşmiş Ştatlar Çinə Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyə biləcək hər hansı hərəkətilə bağlı narahatlığını çoxdan çatdırıb. Buna təkcə birbaşa hərbi dəstək deyil, həm də Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi bazasının yenidən qurulması istiqamətində atdığı addımlar daxildir.

"Dövlət katibi yaxın həftələrdə Çinə səfər etməyi planlaşdırır" Miller əlavə edib. "Bu, onun qaldırması gözlənilən bir məsələdir."

Forum

XS
SM
MD
LG