Ukrayna Çernobıl nüvə stansiyasının ətrafındakı ərazidə baş verən yeni yanğınların söndürülməsi üçün 1000-dən çox yanğınsöndürəni səfərbər edib.
Ukrayna rəsmiləri bildirir ki, aprelin 16-da ərazidə 3 yeni yanğın ocağı müəyyən edilib. Lakin bu yanğınlar "geniş miqyaslı təhlükə yaratmayıb". Küləkli hava şəraiti yanğınlarla mübarizədə çətinlik törədib.
Fövqəladə Hallara Qarşı Mübarizə İdarəsinin direktoru Volodimir Demçuk video açıqlamasında Kiyev və ətraf ərazilərdə "radioaktiv fon"-un "normal həddə" olduğunu bildirb.
Yanğınsöndürənlər appareling 14-də yağışın köməyi ilə daha əvvəl reaktora doğru yaxınlaşan yanğını söndürməyə müvəffəq olub.
Aprelin 3-də məskunlaşmamış Çernobıl zonasının qərb hissəsində başlayan yanğın daha sonra meşəyə yayılmışdı. Təcili xidmətdən verilən açıqlamada bildirilib ki, yanğın radioaktiv tullantıların saxlandığı obyektlər üçün heç bir təhlükə yaratmayıb.
Ətraf mühit üzrə mütəxəssislər yanğının yerdəki radioaktiv küllə qarışaraq radioaktiv tüstünün Kievin şimalında 100 km-lik əraziyə yayıla biləcəyindən narahatdırlar.
İnterfaks xəbər agentliyinə məlumat verən Daxili İşlər Nazirinin müavini Anton Geraşçenko bildirib ki, bu həftənin əvvəlində xilas etmə xidmətinin işçiləri yanğınları söndürmək üçün təyyarələrdən və helikopterlərdən istifadə etsələr də güclü külək onlara mane olub.