ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyanın Ukraynaya təcavüzünə münasibət bildirmək məqsədi ilə Polşa və Rumıniya ilə əməkdaşlıq edəcək və cümə axşamı başlayan görüşü zamanı hər iki ölkənin liderini Vaşinqtonun onlara dəstəyinə inandıracaq.
NATO-nun şərq üzvləri olan bu ölkələrin Rusiyanın bölgədəki təcavüzündən narahatlıqları getdikcə artır. Onlar minlərlə insanın qaçqın olduğu Ukrayna ilə həmsərhəddir.
Yüksək rütbəli administrasiya rəsmiləri Harrisin NATO üzvlərinin tətbiq edilən iqtisadi sanksiyaları həyata keçirə biləcəkləri yollara və birlikdə necə irəliləyə biləcəyinə diqqət yetirəcəyini bildirib.
Rəsmilərin dediyinə görə, o, həmçinin Polşadakı ukraynalı qaçqınlarla görüşəcək, Ukraynaya və regiona humanitar və təhlükəsizlik yardımının davam etdirilməsini müzakirə edəcək.
Vitse-prezidentin bölgədə səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo ilə də Varşavada görüşəcəyi və məsələləri müzakirə edəcəyi gözlənir.
"Bu iki paytaxtda keçiriləcək müzakirələrimizin əsas hissəsi növbəti addımların müəyyən edilməsi və necə irəliləcəyimiz barədə olacaq" - deyə, rəsmilərdən biri bildirib.
Şərqi Avropaya səfəri Harrisin təhlükəsizlik konfransının keçirildiyi Almaniyaya səfərindən sonra baş verir. Orada o, Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb və Rusiya Ukraynaya təcavüz edərsə avropalı müttəfiqləri və tərəfdaşlarının birliyindən əmin olmaq istəyib.
Bu səfər prezident Co Baydenin Harrisin yüksək səviyyəli diplomatiya aparmaq bacarığına artan inamının əlamətidir. Bu, həm də administrasiyanın narahat müttəfiqlərini idarə etmək, Rusiya ilə birbaşa münaqişədən qaçmağa çalışan ABŞ-ın Moskvanı beynəlxalq miqyasda təcrid etmək kampaniyasını davam etdirmək səyidir.