Accessibility links

Ukrayna Belarusla sərhədinə əlavə qoşun göndərəcək


Ukraynanın daxili işlər naziri cümə axşamı bildirib ki, miqrantların sərhədi keçmək cəhdlərinin qarşısını almaq məqsədilə Ukrayna Belarusla sərhədinə əlavə 8500 əsgər və polis zabiti, 15 vertolyot göndərəcək.

Avropa İttifaqı Belarusu Minskə tətbiq etdiyi sanksiyalara cavab olaraq miqrantları öz ərazisinə gəlməyə təşviq etməkdə, daha sonra isə minlərlə miqrantı Polşa və Avropa İttifaqının digər qonşu ölkələrinə keçməyə sövq etməkdə ittiham edib.

Avropa İttifaqına üzv olmasa da, Ukrayna miqrant böhranı cəbhəsinə çevrilməkdən ehtiyat edir.

Daxili işlər naziri Denis Monastırski sərhədə göndəriləcək yeni qüvvələrə 3000 sərhədçi, Milli Qvardiyanın 3500 hərbçisi və 2000 polis işçisinin daxil olacağını bildirib.

"Daxili İşlər Nazirliyinin aviasiyası da növbədə olacaq. Lazım gələrsə 15 vertolyot qüvvələrimizi sərhədə çatdırmağı təmin edəcək" - deyə, Monastırski bildirib.

Monastırski cümə axşamı səhər saatlarında Ukrayna sərhədçiləri, polis və milli qvardiyanın Belarusla sərhəddə təlimlər keçiriləcəyini də deyib.

Nazir bəyanatında “Miqrantlarla bağlı yarana biləcək böhranın qarşısını almaq üçün biz istisna olmadan Daxili İşlər Nazirliyinin bütün beş strukturunu işə cəlb edəcəyik” - deyib.

Monastırskinin dediyinə görə, son addımlar miqrantların Ukraynaya daxil olmasının qarşısını alacaq, lakin gələcəkdə oxşar problemlərlə üzləşməmək üçün keçmiş Sovet respublikası qonşu Rusiya və Belarusla sərhədlərini köklü şəkildə yenidən təchiz etməlidir.

XS
SM
MD
LG