BMT-nin yardım agentlikləri Rusiyanın mülki yaşayış məntəqələrini və infrastrukturu bombalaması və mülki əhali arasında itkilərin artması fonunda Ukraynada humanitar yardım əməliyyatlarını gücləndirməyə qərar verib.
Ukrayna hökuməti Rusiyanın hava hücumları nəticəsində yüzlərlə insanın həlak olduğunu, 1600-dən çox insanın yaralandığını bildirib. BMT-nin İnsan Haqları ofisinin hesablamaları daha sərtdir. Lakin rəsmilərin dediyinə görə, ölənlərin real sayı müşahidəçilərin hesablamalarından qat-qat çox olacaq.
Hazırda Ukraynanın qərbindəki Lvov şəhərində olan BMT Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elderin dediyinə görə, şəhər tam xaos içərisindədir və minlərlə insan döyüşlərdən qaçmağa çalışır. O, xaotik vəziyyəti nəzərə alaraq deyir ki, uşaqlar da daxil olmaqla, neçə nəfərin öldürüldüyünü müəyyən etmək mümkün deyil.
"Biz bilirik ki, minlərlə insan risk altındadır. Və bilirik ki, döyüşlər bitməsə, daha çox uşaq öləcək və ya yaralanacaq. Ukraynada uşaq evlərində on minlərlə uşaq var. Onların bir çoxu hazırda bombardman altında olan böyük şəhərlərdədir. Beləliklə, bizim qorxumuz bu uşaqlar üçündür" - deyə, Elder bildirib.
Elder deyir ki, UNICEF təmas xəttinin hər iki tərəfdə işləyir. Bu, Ukraynanın şərqindəki Rusiyanın dəstəklədiyi əraziləri ölkənin qalan hissəsindən ayıran 500 kilometrlik zonadır. Onun sözlərinə görə, agentlik ölkə daxilində on minlərlə həssas insana dəstəyini artırmağa çalışır.
Ümumdünya Səhiyyə Təşkilatının Polşadakı nümayəndəsi Paloma Kuçi agentliyin Ukraynadan gələn çox sayda qaçqına yardım etməyə hazırlaşdığını deyib. Polşanın paytaxtı Varşavadan danışan Kuçi yaralıların müalicəsi, vərəm kimi yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsinə ehtiyac olacağını bildirib.
Kuçi deyib ki, dərman və tibbi ləvazimatların ilk partiyasının Polşaya çərşənbə günü çatacağı gözlənilir.
Dünya Ərzaq Proqramı münaqişədən qaçan insanlara ərzaq yardımı göstərmək üçün üç aylıq təcili əməliyyata başlayır. Ümumdünya Ərzaq Proqramı Ukrayna daxilində döyüşlərdən zərər çəkmiş 3,1 milyon insana yardımı genişləndirəcəyini bildirib.
BMT-nin Qaçqınlar Agentliyinin məlumatına görə, ukraynalı qaçqınların sayı çərşənbə axşamından bu yana 114 min nəfər artıb və hazırda 874 mindən çoxdur.