Accessibility links

Ukrayna dili rəsmi “dövlət dili” olur


Ukrayna parlamentinin qəbul etdiyi qanun layihəsi Ukrayna dilinin rəsmi “dövlət dili” kimi istifadəsini “təmin edəcək”.

Prezident Petro Poroshenko iyunun əvvəlində vəzifədən getməmişdən layihəni imzalayacağını bildirib.

Layihədə deyilir ki, “Ukrayna dili Ukraynada yeganə dövlət dilidir”.

Sənədə görə, digər dilləri dövlət dili kimi təqdim etmək “cəhdləri” “Konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi daşıyan fəaliyyət” hesab olunacaq.

Layihə “Ukrayna dilinin ictimai şəkildə aşağılanması” kimi tanınan hüquqi konsepsiyanı da təqdim edir-konsepsiyaya görə, “bu qanunsuz fəaliyyəti Ukraynanın dövlət simvollarının murdarlanmasına bərabərdir”.

Dövlət və özəl televiziyalar üçün dil kvotaları qoyulur, bildirilir ki, çap mediasındakı mətnlərin azı yarısı Ukrayna dilində olmalıdır.

Qanunvericilik “istənilən dövlət orqanının toplantıları və iclaslarında dil müfəttişlərinin” olmasını vacib sayır.

Həmin müfəttişlərə səlahiyyət veriləcək ki, siyasi partiyalar və ictimai qurumlardan sənədlər tələb etsinlər, sənədlərin “Ukrayna dilində olmadığı” müəyyənləşərsə, 450 dollar cərimə kəssinlər.

Sənəd dövlət hesabına “Ukrayna dili mərkəzi” yaradılmasını nəzərdə tutur. Məqsəd ölkə vətəndaşlarının dil səlisliyini təsdiqləyən sertifikatlar verməkdir.

Prezidentlik, parlamentin spikeri və üzvləri, hökumət nazirləri, dövlət təhlükəsizlik xidmətinin başçısı, baş prokuror, Ukrayna Milli Bankının rəhbəri, yerli şura üzvləri üçün Ukrayna dilini bilmək vacib sayılır.

Ukrayna dilinin bütün rəsmi sənədlərdə, məhkəmə sənədlərində, seçkilərdə və referendumlarda, beynəlxalq sazişlərdə, əmək razılaşmalarında istifadəsi məcburi olacaq.

Dil qaydaları özəl söhbətlərə və dini rituallara aid deyil.

Qeyd edək ki, dil məsələsi Ukraynanın rusdilli əhalisi arasında ziddiyyətli sayılır.

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar iddia edirlər ki, Kiyev qəsdən rus dilindən istifadəni məhdudlaşdırır.

XS
SM
MD
LG