Accessibility links

Ukraynaya yeni müdafiə naziri təyin edilib


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov

Rusiya tərəfdarı separatçılarla münaqişənin davam etdiyi bir vaxt Ukrayna cümə axşamı ordusunu gücləndirmək mandatı ilə yeni müdafiə naziri təyin edib.

Səhhətinə görə bu həftənin əvvəlində istefa verən Andriy Taranı hərbi təcrübəsi məhdud olan vəkil Oleksiy Reznikov əvəz edib.

Prezident Volodimir Zelenskinin namizədliyini irəli sürdüyü Reznikova 450 yerlik Ukrayna parlamentində ümumilikdə 273 deputat səs verib.

Reznikovu parlamentdə qanunvericilərə təqdim edən Zelenski deyib ki, onun əsas vəzifəsi “ordunun müdafiə qabiliyyətini gücləndirmək” olacaq.

2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən sonra Ukrayna ordusu ölkənin şərqində Rusiya tərəfdarı separatçılarla gərgin qarşıdurma vəziyyətindədir.

“Müvəqqəti işğalın qiyməti separatçılar üçün daim artmalıdır” - deyə, 55 yaşlı Reznikov səsvermədən əvvəl qanunvericilərə bildirib.

Ukrayna parlamenti
Ukrayna parlamenti

O, “güclü ordu ən güclü diplomatik vasitələrdən biridir” deyib və “NATO ölkələri ilə hərbi uyğunluğu” yaxşılaşdıracağına söz verib.

Reznikov separatçıların nəzarətində olan ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışıb və 2020-ci ilin mart ayından Rusiya və ATƏT-in sülhlə bağlı müzakirələrində Ukraynanı təmsil edib.

Onun sələfi Taran ölkənin resurs çatışmazlığı yaşayan ordusunda kifayət qədər islahatlar aparmadığına görə tənqid edilib.

Təyinat bazar ertəsi, Ukraynanın Rusiyanın şərq sərhədi yaxınlığında hərbi birləşmələrini artırdığı barədə xəbərləri təkzib etməsindən və separatçılarla gərginliyin yenidən artması qorxusundan sonra baş verib.

Bu ilin əvvəlində baş verən zorakılıqların artmasından sonra Rusiya mart ayında Ukrayna sərhədlərinə 100 minə yaxın əsgər yerləşdirib.

Kiyevin Qərb müttəfiqlərinin təzyiqi altında Moskva sonradan geri çəkildiyini elan etsə də, həm Ukrayna, həm də ABŞ geri çəkilmənin məhdud olduğunu bildirmişdi.

XS
SM
MD
LG