ABŞ prokurorları çərşənbə günü ukraynalı maqnat İhor Kolomoyski və başqa bir ukraynalı iş adamını Kentukki və Texasdakı mülklərlə əlaqəli iddialardan sonra Ohayoda daşınmaz əmlak almaq üçün saxta kreditlər almaqda ittiham edib.
Ukraynanın məşhur maqnatlarından biri olan və Ukrayna prezidenti Vladimir Zelenskinin əsas siyasi dəstəkçisi sayılan Kolomoyski ona qarşı irəli sürülən əvvəlki iddiaları rədd etmişdi. Kolomoyskini təmsil edən ABŞ vəkili Brus Marks son şikayətə dair şərh tələbinə dərhal cavab verməyib.
Digər iş adamı Gennadiy Boholyubovun nümayəndələrindən şərh almaq mümkün olmayıb. Daha əvvəl də onlar ittihamlarla bağlı açıqlama verməyib.
ABŞ Ədliyyə Nazirliyi açıqlamasında iki nəfərin Ohayodan daşınmaz əmlak almaq üçün Ukraynada yerləşən PrivatBank-dan aldığı vəsaiti mənimsədiyi və ABŞ-ın həmin malları müsadirə etdiyini iddia edib.
ABŞ prokurorlarının dediyinə görə, 2008-2016-cı illər arasında Kolomoyski və Boholyubov saxta kreditlər yolu ilə əldə etdikləri pullarını ABŞ-a PrivatBank-ın Kipr ofisi vasitəsi ilə köçürüb.
Ədliyyə Nazirliyindən bildirilib ki, ümumilikdə ABŞ-ın üç ştatındakı əmlakın dəyəri 60 milyon dollardan çoxdur.