Accessibility links

Ukraynadan 1 milyondan çox insan qaçıb - Polşa təzyiq altındadır


BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk həftəsi 1 milyondan çox insan ölkəni tərk edib və onlardan 500 mindən çoxu Polşaya keçib. Daha bir milyon insan isə Ukrayna daxilində məcburi köçkün vəziyyətinə düşüb. Avropa İttifaqı yaxın həftələrdə 7 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini proqnozlaşdırır.

Polşada artıq böyük bir ukraynalı miqrant əhali var və bir çox qaçqın dostları və ya ailəsi ilə qala bilib ki, bu da hökumətə təzyiqi azaltmağa yardım edib. Digərləri isə məktəblərə, mehmanxanalara və anbarlara yerləşdirilir.

Minlərlə xarici ölkə vətəndaşı da Ukraynadakı müharibədən qaçmağa çalışır. Əslən Konqo Respublikasından olan Kaleb Poitye Ukraynanın cənubundakı Odessa şəhərində elektrik mühəndisliyi ixtisası üzrə təhsil alırdı. Rusiya hücumlara başlayan kimi o, ukraynalı sevgilisi ilə qaçıb.

"Hər dəfə bombardman olanda sığınmaq üçün zirzəmiyə enməli olurduq. Nəqliyyat artıq işləmir. İnternet demək olar ki, yoxdur. Çox çətin idi" - deyə, Poitye Amerikanın Səsinə bildirib.

Onlarla ölkədən olan könüllülər Polşa sərhədinə gələrək, qaçqınlara yemək, geyim və sığınacaq təklif edir. Bir çoxları əllərində miqrantları Avropanın bütün istiqamətlərinə avtomobillə pulsuz aparmağı təklif edən karton lövhələr tutur.

Yüz minlərlə ukraynalı da az sayda əşyaları ilə ya avtomobil, ya da piyada Polşanın Medıka kəndindəki sərhəddən keçir.

Pirzamisildan qaçqınlar Polşa və onun hüdudlarından kənara qatarları pulsuz dəyişə bilir. Onlarla ölkə müharibədən qaçan ukraynalılara dəmir yolu ilə pulsuz səyahət təklif edib. Avropa İttifaqı ukraynalılara üç il müddətinə üzv ölkələrdə yaşamaq və işləmək icazəsi verib.

Lakin bu, birtərəfli səyahət deyil. Bir çox ukraynalı döyüşmək üçün evlərinə qayıdır. Amerikanın Səsi Rusiya ordusu ilə döyüşmək üçün Polşadan vətənlərinə qayıtmağa hazırlaşan keçmiş əsgərlərlə söhbət edib.

Adını tam açıqlamaq istəməyən Viktor “Bu normal reaksiyadır” deyib. "Biz (Rusiya Prezidenti Vladimir) Putini məğlub edəcəyik və hər şey yaxşı olacaq. Biz Rusiya tanklarını və zirehli texnikasını birbaşa cəhənnəmə göndərəcəyik" - deyə, o bildirib.

XS
SM
MD
LG