Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 16-17-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Ukrayna prezidentinin rəsmi internet saytında məlumat yayılıb.
Məlumatda deyilir ki, səfər zamanı Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir neçə ikitərəfli sənədin imzalanacağı gözlənilir.
Voldomir Zelenskinin səfər zamanı prezident İlham Əliyev və baş nazir Əli Əsədovla görüşəcəyi bildirilir.
Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər.
Həmçinin Ukrayna prezidenti Azərbaycanın Ukrayna icması ilə görüşəcək.
Bu, Volodimir Zelenskinin Azərbaycan birinci səfərididr.
Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992- ci ildə yaradılıb. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb.
İki ölkə arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələri əhatə edən yüzdən çox sənəd imzalanıb.
Azərbaycan və Ukraynanın dövlət və hökumət başçılarının çoxsaylı qarşılıqlı səfərləri olub.
İqtisadi əlaqələrə gəldikdə, Ukrayna Azərbaycanın əsas ticarət tərəfdaşlarından olmaqla ümumi ticarətin 5.7%-ni təşkil edir və sayca yeddinci yeri tutur.