Accessibility links

Ukrayna Prezidenti Konstitusiya Məhkəməsinin sədrini işdən çıxarıb


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski korrupsiya ilə mübarizə çərçivəsində aparılan bəzi islahatların əleyhinə olan konstitusiya məhkəməsinin sədrini işdən çıxarıb. Bu barədə şənbə günü Zelenskinin ofisi xəbər verib.

Zelenski və Oleksandr Tupitskinin sədrlik etdiyi məhkəmə ötən ildən bəri korrupsiya əleyhinə qanun layihəsi səbəbilə qarşı-qarşıya gəlib. Bu da Ukraynanın xarici kredit almasını çətinləşdirib.

Zelenski Tupitskinin məhkəmənin sədrliyinə təyinatını ləğv edən sərəncam imzalayıb. Tupitski 2013-cü ildə keçmiş prezidenti Viktor Yanukoviç tərəfindən təyin edilmişdi.

“Konstitusiya Məhkəməsinin Viktor Yanukoviç tərəfindən təyin olunan bəzi hakimləri səlahiyyətlərindən istifadə edərək Ukraynanın milli təhlükəsizliyi və dövlət müstəqilliyinə təhlükə yaradırlar,” şənbə günü prezidentin vebsaytında yerləşdirilən sənəddə deyilir.

Konstitusiya məhkəməsi şərh çağırışını cavablandırmayıb.

Məhkəmə oktyabr ayında bəzi anti-korrupsiya qanunlarının əleyhinə qərar çıxarıb və buna rəsmilərin aktivləri ilə bağlı bəyannamələrində yanlış məlumat yazmalarına görə cəzanın ifrat olduğunu səbəb gətirib. Məhkəmə həmçinin rüşvətxorluqla mübarizə aparan əsas NAZK agentliyinin bəzi səlahiyyətlərini ləğv edib.

Bunun ardınca Zelenski Tupitskini müvəqqəti işdən uzaqlaşdırıb. Tupitski daha öncə Zelenskini onu işdən çıxarmaqla “konstitusiya çevrilişi” etməyə çalışmaqda günahlandırıb. Tupitski ilə bağlı şahidə müdaxilə etmək ittihamı ilə əlaqədar təhqiqat aparılır. O isə bu ittihamı saxta və siyasi motivli adlandırıb.

Beynəlxalq Valyuta Fondunun ötən iyun ayında təsdiq etdiyi 5 milyard dollarlıq kreditin yeganə şərti korrupsiya əleyhinə bütün tədbirlərin bərpa olunmasıdır. Ukrayna həmin zamandan bəri həmin pulun yalnız bir hissəsini ala bilib.

XS
SM
MD
LG