Accessibility links

Ukrayna prezidenti Rusiya ilə müharibənin ən pis ehtimal olduğunu bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü qonşu Rusiya ilə hərtərəfli müharibənin mümkün olduğunu və Rusiya Prezidenti Vladimir Putinlə predmetli görüş keçirmək istədiyini bildirib.

Yalta Avropa Strategiyası (YES) zirvəsi zamanı Zelenski 2014-cü ildə Ukraynadan Krım yarımadasını ələ keçirən və Ukraynanın şərqindəki rusiyapərəst separatçılara dəstək verən Rusiya ilə müharibə ehtimalı ilə bağlı suala cavab olaraq deyib ki, "Düşünürəm ki, ola bilər".

"Bu baş verəcək ən pis şeydir, lakin təəssüf ki, belə bir ehtimal var" deyə o Ukrayna dilində etdiyi çıxışında bildirib.

Kiyev 2014-cü ildən bəri bu münaqişə zamanı 14 min insanın öldüyünü deyir.

Zelenski ABŞ-la münasibətlərin yaxşılaşdığını, lakin Ukraynanın NATO-dan hərbi ittifaqa daxil olmaq istəyinə dəqiq cavab almadığına görə təəssüfləndiyini dilə gətirib.

"Biz Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ... birbaşa mövqe almamışıq" deyən Zelenski "Ukrayna buna çoxdan hazırdır" deyə əlavə edib.

Onun sözlərinə görə, Ukraynanı qəbul etməmək NATO-nu zəiflədəcək, eyni zamanda da Rusiyanın əlini gücləndirəcək.

Kiyevlə Moskva arasında gərginlik bu ilin əvvəlində Ukraynanın şərqində döyüşlərin şiddətlənməsi və Rusiyanın sərhəd yaxınlığında daha çox qoşun toplaması nəticəsində artıb.

Moskva Ukraynanı sülh danışıqlarına marağını itirməkdə günahlandırdığı bir vaxt Zelenskinin Putinlə münaqişə zonasında görüşmək səyləri boşa çıxıb.

"Düzünü desəm, onun haqqında düşünməyə vaxtım yoxdur" deyə Zelenski cümə günü bildirib. "Mən daha substantiv şəkildə görüşdə maraqlıyam, bəzi dövlətlərlə etdiyi kimi deklarativ formada deyil", o əlavə edib.

"Mənə elə gəlir ki, bu gün ... onlar məsələləri həll etməyin mənasını görmürlər. Müharibəni bitirmək və münaqişə problemlərini tez həll etmək - lakin onlar bunu istəmir", Zelenski həmçinin bildirib.

XS
SM
MD
LG