Accessibility links

Ukrayna Radası yeni baş nazir təyin etdi


Martın 4-də Ukraynanın Ali Radası Ukraynanın baş naziri Aleksey Qonçaruku vəzifəsindən azad edib. Baş nazirin istefası həm də hökumətin istefası deməkdir.

Martın 4-də parlamentdə çıxış edən prezident Volodimir Zelenski Qonçarukun istefasını dəstəkləyib və parlamentdən ona səs verməsini istəyib. O, Aleksey Qonçaruk hökumətində korrupsiyanın olmadığını, ancaq "oğurluq etməməyin yetərli olmadığını" deyib. O qeyd edib ki, hökumət "bir sıra səhvlər" edib və kabinetin təkcə "yeni simalar"a deyil, "yeni beyinlərə və ürəklərə" ehtiyacı var.

"Hər kəs əla başa düşür - əsas məsələ Ukraynanın Nazirlər Kabinetinin fəaliyyətidir. Gəlin obyektiv olaq: bu hökumətin nailiyyətləri var. Bunlar inflyasiyanın azaldılması, Milli Bankın uçot dərəcələri, kölgə bazarlarına qarşı mübarizə, xüsusilə qumar oyunları və qanunsuz yanacaqdoldurma məntəqələri, oğurlanan dövlət müəssisələrinin özəlləşdirilməsinin başlanması və bütün bu illər ərzində kiçik və orta sahibkarlığa verilən kreditlərdir. Həmçinin, dövlətin iqtisadiyyatdakı rolunun azaldılması. Ancaq həqiqət budur ki, bu gün ukraynalılar üçün bu kifayət deyil" - deyə, Zelenski qeyd edib.

Qonçarukun istefasından sonra Zelenski Ali Radaya baş nazir postuna Denis Şmıqalın namizədliyini irəli sürüb. Ukrayna Radası bu namizədliyi dəstəkləyib.

Bundan əvvəl Şmıqal İvano-Frankivsk Regional Dövlət Administrasiyasına rəhbərlik etmiş və bölgənin ən böyük elektrik enerjisi istehsalçısı Burştınskaya İES-in (oliqarx Rinat Axmetov tərəfindən idarə olunan DTEK holdinqinin bir hissəsi) direktoru olmuşdur.

Qonçarukun istefası ilə bağlı məlumat bundan öncə ortaya çıxıb və martın 4-ü səhər baş nazirin 3 mart tarixli açıqlamasının fotoşəkli “Sluqa Naroda” (Xalqın xidmətçisi) fraksiyasının deputatı Aleksander Kaçura tərəfindən onun şəxsi telegram kanalında yerləşdirilib.

"Xahiş edirəm mənim Ukraynanın baş naziri vəzifəsindən istefamı qəbul edin" - deyə, Qonçarukun əl yazısı ilə yazılmış və Ali Radaya ünvanlanan açıqlamasının mətnində qeyd olunub. Elə həmin gün bəyanat Rada aparatında qeydiyyata alınıb və bundan sonra dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə və şəhərsalma komitəsi parlamentin baş nazirin istefasını qəbul etməsini tövsiyə edib.

Qonçaruk isə həmin vaxt istefa verdiyini rəsmi olaraq təsdiqləməyib.

Parlament Qonçaruku baş nazir vəzifəsinə 30 avqust 2019-cu ildə təsdiqləmişdi. Beləliklə, o və onun kabineti altı aydan bir çox işləmiş olub.

XS
SM
MD
LG