Accessibility links

ABŞ Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım edəcəyini elan edib


NATO xarici işlər nazirlərinin Brüsseldə Ukrayna münaqişəsi ilə bağlı iki günlük toplantısında ABŞ Ukraynaya 100 milyon dollarlıq hərbi yardım edəcəyini elan edib.

Dövlət katibi Antoni Blinken çərşənbə axşamı verdiyi açıqlamada “Rusiya qüvvələrinin Buçada və Ukraynanın hər yerində törətdiyi vəhşiliklər dünyanı vahiməyə salıb və dəhşətə gətirib” deyib və yardıma icazə verildiyini açıqlayıb.

“Ukrayna qüvvələri öz ölkəsini və azadlıqlarını cəsarətlə müdafiə etməyə davam edir, ABŞ isə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü əzmlə dəstəkləməkdə davam edir” - deyə, bildirib.

Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, yardım “Ukraynanın ölkəsini müdafiə etmək üçün istifadə etdiyi zireh əleyhinə çox səmərəli Javelin sistemlərinin əlavə ehtiyacını ödəyəcək”.

NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən əvvəl jurnalistlərə alyans üzvlərinin “Ukraynaya daha çox dəstək verməkdə qərarlı” olduğunu, humanitar və maliyyə yardımı, hərbi texnika və kibertəhlükəsizlik yardımının davam edəcəyini deyib.

NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

Stoltenberq “NATO-nun Gürcüstan, Bosniya və Herseqovina da daxil olmaqla, Rusiyanın təhdid və işğalına məruz qalan tərəfdaşları üçün daha çox şey edəcəyimizə qərar verəcəyimizi gözləyirəm” - deyə, bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın cümə axşamı nazirlər qarşısında çıxışı planlaşdırılır.

Britaniyanın Müdafiə Nazirliyinin çərşənbə bildirdiyinə görə, humanitar vəziyyətin “ağırlaşdığı” mühasirəyə alınmış Mariupol şəhərində Rusiyanın hava hücumlarına əlavə olaraq şiddətli döyüşlər gedir.

“Şəhərdə qalan 160 min sakinin əksəriyyətinin işığı, rabitəsi, dərmanı, və suyu yoxdur. Rusiya qüvvələri humanitar yardımın qarşısını alıb. Çox ehtimal ki, müdafiəçilərə təslim olmaları üçün təzyiq göstərir” nazirlik bildirib.

Ukraynanın Baş nazir müavini İrina Vereşuk çərşənbə günü mühasirədə qalmış mülki vətəndaşların 11 müxtəlif humanitar dəhlizdən çıxmasına yardım edilməyə çalışılacağını, lakin Mariupol sakinlərinin bunu öz maşınlarında etməli olacaqlarını bildirib.

XS
SM
MD
LG