Rusiya Xarici İşlər Nazirliyi sanksiyalara cavab olaraq Avropa İttifaqının (Aİ) ali rəhbərliyinin ölkəyə girişini qadağan edib.
Bu barədə Xarici İşlər Nazirliyinin veb səhifəsində məlumat verilib.
“Məhdudiyyətlər Avropa İttifaqının ali rəhbərliyinə, eləcə də bir sıra Avropa komissarlarına və Avropa İttifaqı hərbi strukturlarının rəhbərlərinə, habelə anti-Rusiya siyasətini təbliğ edən Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətinə şamil edilir” - deyə, nazirliyin bəyanatında bildirilib.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi “qanunsuz anti-Rusiya sanksiyalarının təşviqində, rusofobik əhval-ruhiyyənin qızışdırılmasında, rusdilli əhalinin hüquq və azadlıqlarının pozulmasında şəxsən məsuliyyət daşıyan Aİ ölkələrinin bir sıra hökumət və parlament nümayəndələrini, ictimai xadimlərini və media işçilərini” “qara siyahı”ya salıb.
Qara siyahı hələ dərc olunmayıb.
Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra Avropa İttifaqına üzv və digər ölkələr bir neçə sanksiya paketi qəbul edib.
Rusiya hazırda dünyada ən çox sanksiyalara məruz qalan ölkədir. Castellum.ai sanksiya məlumat bazasının hesablamalarına görə, Rusiya İran və Şimali Koreyanı arxada qoyub.
Fevralın 22-dən bəri Rusiyaya qarşı tətbir edilən sanksiyalar Krımın ilhaqı, Solsberidə zəhərlənmə və ABŞ seçkilərinə müdaxilədən sonra həyata keçirilən ümumi sanksiyalardan daha çoxdur.
Fevralın 26-da Avropa İttifaqı sanksiya siyahısını rəsmən dərc edib. Bu siyahıda Putin və Lavrovdan başqa, Rusiyanın Baş naziri Mixail Mişustin, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya Federasiyasının keçmiş müdafiə naziri, Putinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanovun adları var.
Sanksiyalar separatçı “DXR” və “LPR”in tanınmasını dəstəkləyən Dövlət Dumasının əksər deputatlarına, habelə bir sıra Rusiya banklarına, bir çox tanınmış məmurlara və iş adamlarına qarşı da tətbiq edilib. Sanksiyalar fiziki şəxslərin Avropa İttifaqındakı aktivlərinin dondurulmasını nəzərdə tutur.