Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri cümə axşamı deyib ki, Ukraynada “həyatı xilas edəcək dərman” sülhdür.
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus BMT-nin Təhlükəsizlik Şurasının son üç həftə ərzində Rusiyanın hava hücumları və artelleriya atəşinə tutulan Ukraynada humanitar vəziyyətin pisləşməsi ilə bağlı iclasında verdiyi açıqlamasında "Uzun sürən münaqişə heç kimin maraqına uyğun deyil və yalnız ən həssas insanların əzabını uzadacaq" deyib.
Tedros ÜST-ün onlarla insanın həlak olduğu, 34 nəfərin yaralandığı 43 səhiyyə müəssisələrinə hücumları təsdiqlədiyini bildirib.
Xəstəxanalara edilən hücumlar hərbi cinayətlər səviyyəsinə yüksələ bilər.
Tedros ÜST-ün Ukrayna Səhiyyə Nazirliyi ilə işlədiyini və indiyədək ölkəyə 100 ton tibbi ləvazimat göndərdiyini deyib.
"Biz hazırda Lvivdəkı anbarımızdan Ukraynanın bir çox şəhərinə təchizat xətləri çəkmişik, lakin çıxışda problemlər qalmaqdadır" - deyə, Tedros bildirib. Lviv Ukraynanın qərbində, nisbətən təhlükəsiz yerdədir.
Tedros ÜST-ün BMT ilə ortaq karvanlarında çətin bölgələrə daxil olmağa hazır olan kritik ləvazimatların olduğunu, lakin indiyə qədər onların çatdırıla bilinmədiyini deyib.
BMT-nin siyasi ofisinin rəhbəri Rosmari Dikarlo üç həftə davam edən qarşıdurmada məktəblər və xəstəxanalar da daxil olmaqla, yüzlərlə yaşayış binasının dağıdıldığını və ya zədələndiyini bildirib.
Rusiya fevralın 24-də işğala başladıqdan sonra BMT 52-si uşaq olmaqla, 726 mülki vətəndaşın öldürüldüyünü, 1000-dən çox mülki vətəndaşın yaralandığını təsdiqləyib. BMT həqiqi rəqəmlərin daha yüksək ola biləcəyini deyib.
"Dünya boyu bütün mülki vətəndaşların həyatını qorumaqla bağlı öhdəliklərə tam riayət etməkdə bütün tərəflər məsuliyyət daşıyır" - deyə, Dikarlo bildirib.
Dikarlo "Mariupol və Xarkivdəkı dağıntılar Kyivdə və intensivləşən hücumlarla üzləşən digər şəhərlərdə milyonlarla sakinin taleyi ilə bağlı ciddi qorxular yaradır" deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bildirdiyinə görə, münaqişə 3,1 milyondan çox insanın qonşu Avropa ölkələrinə qaçmasına səbəb olub və daha 2 milyon insan Ukrayna daxilində didərgin düşüb.
“Rusiya öz vəhşiliklərinə görə cavab verəcək. Bu çılğınlığa son qoymağın yalnız bir yolu var: Prezident (Vladimir) Putin qətlləri dayandırın, qoşunlarınızı çıxarın, Ukraynanı birdəfəlik tərk edin" - deyə, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.