Accessibility links

Ukraynanın Fövqəladə Hallar Xidməti 7 gündə 2000-dən çox insanın həlak olduğunu bildirib


Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti Facebook səhifəsində 7 gün davam edən müharibədə hərbçilər nəzərə alınmasa, Ukraynada 2000-dən çox insanın həlak olduğunu bildirib.

Dövlət Xidmətinin məlumatına görə, vəzifələrini yerinə yetirərkən 10 xilasedici həlak olub, 13-ü yaralanıb.

Yüzlərlə nəqliyyat infrastrukturu obyekti, yaşayış binaları, xəstəxanalar və uşaq bağçaları dağıdılıb. Xəbərdə deyilir ki, hazırda Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əsas vəzifəsi insanları xilas etməkdir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsinin nümayəndəsi Elizabet Trossel martın 1-də deyib ki, fevralın 24-dən Ukraynada 13-ü uşaq olmaqla, azı 136 mülki vətəndaş həlak olub, 400 nəfər yaralanıb. “Real itkilər çox güman ki, daha yüksək olacaq” - deyə, o bildirib.

Trosselin dediyinə görə, əksər hallarda ölüm və yaralanmaya səbəb havadan endirilən zərbələrdir. O, ağır artilleriya və raket sistemlərindən olmaqla, “geniş məhvetmə sahəsinə malik partlayıcı silahlardan” istifadə edildiyini deyib.

BMT-nin Qaçqınlar Agentliyinin nümayəndəsi Şabia Manto son altı gündə təxminən 836 min insanın Ukraynanı tərk etdiyini bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, humanitar agentliklər və onların QHT tərəfdaşları donorlara müraciət edərək, Ukraynadakı qurbanlar və Ukraynadan olan qaçqınlara dəstək üçün 1,7 milyard dollar istəyib.

Rusiya qüvvələri çərşənbə günü Ukraynanın bir çox şəhərlərini atəşə tutmaqda davam edərkən, Rusiya rəsmiləri Ukrayna ilə danışıqların növbəti mərhələsinə hazır olduqlarını bildirib.

Çərşənbə günü yayımlanan videoda Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə Holokost memorialı Babiy Yarın yanında yerləşən televiziya qülləsində baş verən partlayışdan danışıb.

XS
SM
MD
LG